Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında osteoporozun terapevtik və cərrahi yöndən qiymətləndirilməsinin əhəmiyyətinə həsr olunmuş seminar keçirilib
Tədbirdə ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarının mütəxəssisləri, cərrah və endokrinoloqlar, rezidentlər iştirak ediblər. Seminarın məqsədi gənc həkimlər tərəfindən endokrinologiyada ən çox rast gəlinən patologiyalarının araşdırılması, bu mövzularda elmi tədqiqat işlərinin aparılmasına təkan verməkdən ibarətdir.
Seminarın əvvəlində ATU-nun II Daxili xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının endokrinoloq həkimi Könül İsmayılova osteoporozla bağlı statistikanı səsləndirib. Qeyd olunub ki, 50 yaşından yuxarı hər 3 qadından və 5 kişidən biri osteoporozdan əziyyət çəkir. Ümumiyyətlə, 30-35 yaşından sonra qadınlar hər il sümük sıxlığının 1 %-ni itirir. Qadınlarda isə osteoporoz ən çox menopauza səbəbindən yaranır. Belə ki, menopauzadan 5-7 il sonra artıq qadınlarda sümük sıxlığı 20% azalmış olur. Endokrinoloq K.İsmayılova osteoporoz üçün risk faktorları arasında şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, qlukokortikoidlərin 3 aydan çox qəbul edilməsi, oturaq həyat tərzi, tütünçəkmə, alkoqollu içkilərin qəbulu, fiziki aktivliyin az olması, kiçik bədən kütləsini göstərib.
Daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu, I Cərrahi xəstəliklər kafedrasının assistenti , t.ü.f.d. Azər Hümmətov mövzunun aktuallığını qeyd edərək bu cür seminarların mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında osteoporoza dair seminar keçirildiyini xatırladan A.Hümmətov belə tədbirlərin hər iki klinikanın endokrinoloji bölmələri arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib. A.Hümmətov seminarda təqdim olunan məruzələrin mövzusunun təsadüfi olmadığını, osteoporozun yaranmasının əsas səbəblərini əhatə etdiyini bildirib.
İlk məruzə ilə çıxış edən ATU-nun II Daxili xəstəliklər kafedrasının 2-ci kurs rezidenti Gülşən İsmayılzadə postmenopauzal osteoporoz haqqında danışıb. Qeyd olunub ki, osteoporoz aşağı sümük kütləsi və sümük toxumasının mikro-arxitekturasının pozulması ilə səciyyələnən və sümük sınıqlarına qədər gətirib çıxara bilən metobolik xəstəlikdir. Osteoporoz ağrı və sınıq pilləsinə gələnə qədər səssiz xəstəlikdir, lakin vaxtında diaqnoz qoyulub müalicə olunarsa, yaxın və uzaq fəsadların qarşısı alına bilər.
ATU-nun Təcili Tibb Kafedrasının Assistenti Xatirə Şirinova Səfərova isə öz məruzəsində Paratiroid adenomasının hansı mexanizmlə osteoporoza səbəb olması, onun müasir diaqnostika və müalicə üsulları haqqında danışıb, bu xəstəliyin cərrahi müalicəsinin aspektlərini qeyd edib.
Sonda seminar iştirakçıları arasında keçirilən müsabiqənin qalibləri yerli əczaçııq şirkəti olan Remedi tərəfindən mükafatlandırılıb.