Gələcəkdə imtahanlar hibrid formada aparılacaq

Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının geniş tərkibdə növbəti iclası fevralın 27-də keçirilib. İclası rektor, professor Gəray Gəraybəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb

Əvvəlcə “Azərbaycan Tibb Universitetində 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin qarşısında duran vəzifələr” barədə Tədris işləri üzrə prorektor, professor Nazim Pənahovun hesabat məruzəsi dinlənilib.

Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin hər zaman səhiyyənin və tibb təhsilinin strateji əhəmiyyətini vurğuladığını, o cümlədən Azərbaycan Tibb Universitetini ölkəmizin tibb sahəsində aparıcı elm ocaqlarından biri kimi dəyərləndirdiyini söyləyən prorektor, bu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirildiyini deyib. Bildirib ki, biz də bu diqqət və qayğıya rəğmən üzərimizə düşən məsuliyyəti dərk edir, universitetimizdə tədrisin keyfiyyətini daha da yüksəltməyə çalışırıq.

Məruzəçi tələbələrimizin öz biliklərini nümayiş etdirməklə yanaşı, həm də zəhmətləri və əzmkarlıqları ilə gələcəyin peşəkar həkimləri, alimləri və tibb mütəxəssisləri olmağa doğru inamla irəlilədiklərini sübut etdiklərini vurğulayaraq, diqqəti daha çox payız və yaz semestrlərinin imtahan sessiyalarının nəticələrinə yönəldib: “Universitetimizdə oxuyan 7462 tələbədən 7308 nəfəri builki imtahanlarda iştirak edib. Onlardan 6279 nəfər tələbə imtahan sessiyasını müvəffəqiyyətlə başa vurub. O cümlədən  1071 nəfər (14,65%) sessiyanı “əla”, 2911 nəfər (39,82%) “əla” və “yaxşı”, 2297 nəfər (31,43%) qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə, 1029 nəfər (14,08%) tələbənin akademik borcu qalıb ki, bunlardan da 481 nəfərin yalnız 1 fəndən, 311 nəfərin 2 fəndən, 230 nəfərin 3 fəndən akademik borcu vardır. ATU üzrə 54,48% mənimsəmə göstəricisi olduğu halda, əczaçılıq (28,83%) və stomatologiya (30,88%) fakültələrində bu göstəricilərin universitet üzrə orta göstəricidən çox aşağı olması diqqəti çəkir”.

Statistik məlumatların doğruluğu və etibarlılığının vacibliyinə toxunan N. Pənahov slaydlar vasitəsi ilə I kursun tələbələrinin finalda toplaya biləcəkləri mümkün 50 bal üzərindən imtahan nəticələrinin analitik təhlilini diqqətə çatdırıb: “Öncə onu qeyd etmək istərdim ki, cari tədris ilində ilk dəfə olaraq, semestrdə aralıq imtahanları “məxsusi həftədə” keçirildi və rektoryanı şuranın qərarına əsasən, bu semestrdə əvvəlki illərdən fərqli olaraq, imtahan öncəsi I kurs tələbələrinə nümunəvi testlər (PDF-lər) verilmədi”.

Məruzədə I kurs tələbələrinin final imtahanında topladığı ballar da öz əksini tapıb. Prorektor qeyd edib ki, bu semestr müxtəlif fənlərdən 0-10; 11-20; 21-30 aralığında ballar alan tələbələrin sayı ötən il 0-10; 11-20; 21-30 aralığında bal alan tələbələrin sayı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıq, 31-40; 41-50 aralığında bal alan tələbələrin sayı isə ötən il 30-41; 41-50 aralığında bal alan tələbələrin sayı ilə müqayisədə nəzərəçarpan dərəcədə aşağıdır: “Məsələnin əsas məğzi ondan ibarətdir ki, biz doğru yolu tutmuşuq, bu dataların böyük əksəriyyəti real vəziyyəti əks etdirir və tələbənin testi sadəcə əzbərləmək yolundan kitab oxumağa qayıtmasına xidmət edir. Başqa sözlə, I kurs tələbələrinin finalda bu fənlərdən aldığı qiymətlər normaldır, ilk slaydlarda göstərdiyim kimi, I kursda ən aşağı kəmiyyət göstəricinin (21,91%) olması real rəqəmlərə əsaslandığından, obyektivliyi əks etdirməklə, bizim qüsurumuz yox, uğurumuz sayılmalıdır”.

Orta kurslarda, yəni II, III və IV kurslarda qış imtahan sessiuasının nəticələrinin bəziləri haqda məlumatları da təqdim edən prorektor, yekun qiymət göstəricilərinin ötən ildəki kimi, aşağı-yuxarı bənzər şəkildə qalmasını diqqətə çatdıraraq vurğulayıb ki, sadaladığım fənlərdən keçirilən imtahanların nəticələrini qənaətbəxş hesab edə bilərik.

N. Pənahov istənilən sahənin fəaliyyətinin düzgün təşkilinin ən vacib meyarlarından sayılan nizam-intizam məsələlərinə ciddi riayət olunmasının zəruriliyinə diqqət çəkərək, imtahan öncəsi dekanlıqların, İmtahan mərkəzinin, nəzarətçilərin iştirakı ilə iclas keçirildiyini və qaldırılan problemlərin həlli istiqamətində lazımi addımlar atıldığını xatırladıb: “Tərəfimizdən fərqli günlərdə əvvəlcədən bildirməklə, eləcə də əvvəlcədən xəbər vermədən imtahan zallarına reydlər keçirilib, məsələlərin yerindəcə həlli üçün müvafiq göstərişlər verilib. Eləcə də imtahan zallarında quraşdırılan kameralar vasitəsilə günün müxtəlif vaxtlarında şəxsən mənim tərəfimdən imtahan zallarına nəzarət aparılıb. Nizam-intizam qaydalarının pozulması halları İmtahan Mərkəzi tərəfindən aktlaşdırılaraq rektora təqdimat göndərilib. Aşkar olunan nizam-intizam pozuntularını əks etdirən videogörüntülərə tərəfimizdən təkrar baxış keçirildikdən sonra faktlar təsdiqini tapdığı üçün qaydaları pozan tələbələrin imtahan nəticələri sıfırlanıb”.

Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanları zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin, yəni qrup üzrə bütün Prezident təqaüdçülərinin bizim universitetə üstünlük verdiklərini söyləyən prorektor bildirib ki, son 6 dərs ilində hər il 23-25 nəfər olmaqla 146 Prezident təqaüdçüsü təhsil almaq üçün bizim universiteti seçiblər. Lakin həmin tələbələrin imtahan nəticələri heç də qanaətbəxş deyil: “Belə ki, bu ilki 25 nəfər Prezident təqaüdçüsündən yalnız 11 nəfəri bu adı qorumağa müvəffəq olub. 6 il ərzində universitetə daxil olan 146 nəfər Prezident təqaüdçüsündən yalnız 33 nəfəri bu adı qoruya bilib. Qalan tələbələr müxtəlif fənlərindən “A” qiyməti ala bilmədiklərinə görə Prezident təqaüdçüsü adını itiriblər. Əslində bu fakt Sabir müəllimin Elmi Şuradakı bütün hesabatlarında hər dəfə vurğulanırdı. Hər biri IV qrupda təhsil almağı seçmiş, tam orta təhsili əla qiymətlərlə başa vurmuş və çətin test sınaqlarından ən yüksək nəticələri əldə etmiş bu tələbələr universitetimiz üçün bir fəxarət olmalıdır. Biz gələcəkdə belə gənclərimizin potensialını tibb elminin inkişafına, yüksək ixtisaslı həkim və əczaçı kadrlarının hazırlanmasına yönəltməliyik”.

Gələn ildən Prezident təqaüdçülərinin, həmçinin qəbul zamanı ən yüksək bal toplayan tələbələrin xüsusi bir qrupda cəmləşdirilməsini təklif edən, həmçinin imtahan nəticələri üzrə verilən apellyasiyalar barədə fikirlərini şura üzvləri ilə bölüşən prorektor, universitetimizin akademik standartlarını daha da yüksəltmək baxımından, növbəti yaz semestrində qarşımızda bir sıra mühüm vəzifələrin dayandığını vurğulayıb: “Bunlardan ən önəmlisi tədris prosesində innovativ və tələbəyönlü yanaşmaların daha geniş tətbiq olunmasıdır. Biliklərin sadəcə ötürülməsi kifayət deyil, biz tələbələrimizin tənqidi düşünmə, problemləri analiz etmə və praktiki bacarıqlarını inkişaf etdirmə qabiliyyətini gücləndirməliyik”.

Çıxışının sonunda rektorun tapşırığı ilə təkcə tibb təhsilində keçirilməsi mümkün olan 50 fərqli imtahan forması barədə məruzə hazırladığını və məruzəsinin yeni yaradılan Tədris Metodik Şurada geniş müzakirəsini keçirməyi planladığını deyən prorektor bildirib ki, beynəlxalq təcrübədən faydalanmaq, xarici universitetlərlə əməkdaşlığı genişləndirmək və tələbələrimizin qlobal tibb ictimaiyyətinə inteqrasiyasını təmin etmək də prioritetlərimiz sırasındadır. O, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kollektivin hər bir üzvü ilə birlikdə çalışaraq Azərbaycan Tibb Universitetini daha da irəli aparacaqlarına, onun adını beynəlxalq elm və təhsil mühitində daha da yüksəldəcəklərinə əminliyini ifadə edib.

Bundan sonra çıxış edənlər hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Apellyasiya Komissiyasının sədri, professor Gülnarə Əzizova aralıq və final imtahanlarından müraciətlərə baxılarkən həm ekspertlərin rəyi, həm də tələbələrin iddialarının hərtərəfli təhlil edildiyini bildirib. 268 ekspertlə işlədiklərini deyən  komissiya sədrinin sözlərinə görə, nəticələri qiymətləndirərkən iddianın və apellyasiyanın sayı deyil, qüsurlu testin sayı əsas götürülməlidir. O, ekspertlərə bəzən kafedra müdirləri tərəfindən təzyiq göstərilməsindən narahatlığını dilə gətirib. Eyni zamanda aralıq imtahanları ilə final imtahanlarındakı apellyasiyaların fərqli səbəblərindən danışaraq qeyd edib ki, final imtahanlarında müraciətlərin əsas səbəbi çoxseçimli suallarla bağlıdır.

Yeni tədris ilində həyata keçirilən islahatların imtahan prosesinə müsbət təsirindən söz açan Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov narazılıq doğuran bəzi məqamlara da toxunub. Bildirib ki, əvvəllər qüsurlu testlər daha çox cərrahi xəstəliklər və daxili xəstəliklər fənnindən olurdu. Artıq keçən ildən bu problem öz həllini tapıb. Hər kafedranın özünün tədris etdiyi proqram və fənn var. Ona görə də bir kafedranın günahını digər kafedranın üzərinə atmaq mümkün deyil. Nazim müəllimin rəhbərliyi ilə yanvar ayının sonunda tədris işləri üzrə müavinlərlə keçirilən görüş zamanı 2-ci semestrdən məsələlərin hansı formatda həll olunmasına da aydınlıq gətirildiyini söyləyən departamentin müdiri, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsnifatı təsdiq olunmuş ixtisaslar üzrə əmək bazarının tələblərinə cavab verən yeni standartların hazırlanmasının vacibliyini də diqqətə çatdırıb.

İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Rəmzi Əliyev universitetin elektron sistemində hər semestr haqqında bütün məlumatların yerləşdirildiyini bildirərək qeyd edib ki, bu məlumatlardan düzgün yararlanaraq görülən işlərin müsbət və mənfi tərəflərinə dair doğru qərar vermək mümkündür. O, rəhbərlik etdiyi qurumun İmtahan Mərkəzi, Apellyasiya Komissiyası və kafedralarla qarşılıqlı fəaliyyətindən söz açaraq mövcud nöqsanların aradan qaldırılmasına dair təkliflərini irəli sürüb.

Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayan rektor, professor Gəray Gəraybəyli müzakirəyə çıxarılın mövzunun hər zaman aktual olduğunu xatırladıb: “Universitetimizdə imtahanların illər öncə necə keçdiyi burada əyləşənlərin böyük əksəriyyətinin yaxşı yadındadır. Testlə imtahana keçidin hansı zərurətdən yarandığını da yaxşı bilirsiz.  O vaxt universitet rəhbərliyinin ənənəvi imtahan üsulundan daha obyektiv, insan faktorunun daha az təsir göstərdiyi bir üsula keçməsi çox doğru addım idi. Artıq neçə illərdir ki, tələbələrin biliyinin qiymətləndirilməsi testlə aparılır. Ancaq bu gün tibb təhsilinin sürətli inkişaf tendensiyası göz qabağındadır. Bu baxımdan yeni qiymətləndirmə metodlarına tələbat yaranıb. Həm də nəzərə almaq lazımdır ki, bəzən hansısa fəndən testlər tələbələrin əlinə keçir. Hansı kafedralar testləri vaxtlı-vaxtında dəyişirsə belə problemlər yaranmır. Təəssüf ki, bəzi kafedralarda testlər yenilənmir. Bu məsələ ilə daha ciddi məşğul olmaqla bərabər, sırf test üsulu ilə imtahan aparmağın indiki tələblərə uyğun olmadığının fərqindəyik və daha təkmil imtahan üsulları haqqında düşünürük”.

Rektor bu istiqamətdə mühüm addımlar atıldığını, beynəlxalq təcrübəni, reytinq agentliklərinin tələblərini nəzərə almaqla tibb sahəsi üzrə dünyada mövcud olan 50 qiymətləndirmə metodundan bizim reallığa uyğun gələnininın tətbiq ediləcəyini vurğulayıb: “Ancaq bu o demək deyil ki, test üsulundan tamamilə imtina ediləcək. Belə demək mümkünsə, gələcəkdə imtahanlar hibrid formada aparılacaq. Bu tədris ilinin sonunda  İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələrinin buraxılış qruplarında yeni metodlardan istifadə olunacaq. Bacarıqlara və kompetensiyalara üstünlük veriləcək və əzbərçilik aradan qalxacaq”.

Nümunəvi testlərin tələbələrə verilməməsinin onlarda böyük həyəcan yaratdığını söyləyən universitetin rəhbəri xatırladıb ki, imtahanlardan qeyri-müvəffəq qiymət alanların əksəriyyəti xarici tələbələrdir: “Səbəb isə onların Azərbaycan dilini çox zəif bilməsidir. Bu nöqteyi-nəzərdən Azərbaycan dili kafedrasının üzərinə böyük məsuliyyət düşür. Keçən il hazırlıq bölməsində 450 saat dərs keçən tələbələrin 6 ay, bir il sonra Azərbaycan dilində yazılan cümlənin mahiyyətini anlamaması təəssüf doğurur”.

İmtahan mərkəzində də bəzi funksiyaların təkmilləşdirilməsi, ekspertlərin seçilməsi və elektron sənəd dövriyyəsi ilə bağlı tələblərini və tövsiyələrini diqqətə çatdıran G. Gəraybəyli yekun nitqində Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın ilk iclası haqqında da şura üzvlərini məlumatlandırıb.

İmtahan Mərkəzinin İnformasiya Texnologiyaları Departamentinin tərkibinə şöbə olaraq salınmasını təsdiqləyən elmi şura, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göndərilən, Milli Onkologiya Mərkəzi tərəfindən hazırlanmış metodik tövsiyənin nəşrinə də razılıq verməklə öz işini yekunlaşdırıb.