TransCaspian İHPBA 6 ölkəni birləşdirir

Professor Nuru Bayramov: Yaratdığımız əməkdaşlıq meydanı hamı üçün faydalı olacaq

Artıq bir neçə aydır Transxəzər Beynəlxalq Hepato-Pankreato-Biliar Cərrahiyyə Assosiasiyası (TransCaspian İHPBA) fəaliyyət göstərir. Ötən ilin dekabrında Assosiasiyanın Bakıda təsis konfransı keçirilib və ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov prezident seçilib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Qırğızıstanın qoşulduğu Assosiasiyanın təşkil olunmasının hansı zərurətdən yaranması, məramı və məqsədi barədə professor Nuru Bayramovla əlaqə saxladıq. Onun sözlərinə görə, TransCaspian İHPBA dünyada qaraciyər, mədəaltı vəzin cərrahiyyəsi ilə məşğul olan mütəxəssislərin elmi tədqiqatlarının aparılması, təcrübi fəaliyyətlərinin yönləndirilməsi, bir-birinin təcrübəsindən yararlanması,  bu sahədə tədrisi həyata keçirmək məqsədilə yaradılıb: “Bu sahə daim praktik cəhətdən inkişaf edir və yeni texnologiyalar nüfuz etməkdədir. Vaxtilə laparoskopiya aktual idisə, indi robotik cərrahiyyə gündəmdədir. Həmçinin iki böyük əməliyyat – qaraciyər və mədəaltı vəzi transplantasiyası bu sahənin içərisindədir. Bütün bunları nəzərə alaraq düşündük ki, ölkəmizdə də belə bir cəmiyyətimiz olsun. Bu sahədə həmkarlarımızla məsləhətləşmələr apardıq və belə bir Assosiasiya yaratmaq qərarına gəldik”.

Professor bildirir ki, 44 günlük Vətən müharibəsindən sonra Assosiasiyanın təsis olunması bir zərurət idi. Çünki müharibədən sonra bütün dünyanın Azərbaycana baxışı dəyişdi: “Qalib xalq kimi dünya ölkələri tərəfindən qəbul olunmağa başladıq. Müharibə zamanı bizə dost, mənəvi dəstək olan ölkələri tanıdıq. Eyni zamanda türkdilli ölkələr bizi dəstəklədilər. Bunların hamısı bizim ölkəmizə həm də bir mesaj idi. Yəni özünü dəyiş, təşəbbüslər irəli sür və lider ol. Biz də öz sahəmizdə təşəbbüskar olmaq və əməkdaşlıq meydanı yaratmaq yolunu tutduq”.

Müsahibimiz Assosiasiyaya üzv olan Orta Asiya ölkələrində təbabətin inkişaf səviyyəsi barədə təhlillər, onların bizə verəcəyi faydadan da söhbət açdı: “Sevindirici haldır ki, Orta Asiya ölkələrində təbabət inkişaf edir. Məsələn, Qazaxıstanda təbabət bir sıra sahələrdə bizdən irəlidədir. Elə bu yaxınlarda Aktauda baş verən təyyarə qəzası zamanı yaralılar üzərində aparılan əməliyyatlarda da biz bunun şahidi olduq. Əlavə edim ki, hepato-pankreato-biliar cərrahiyyəsi və transplantasiya üzrə Qazaxıstanda bir neçə mərkəz fəaliyyət göstərir. Uğurlu nəticələri də var. Bir sözlə, Qazaxıstan tibbi nöqteyi-nəzərdən inkişaf etmiş səviyyədədir. Özbəkistanın əyalətlərində təbabət inkişaf etməsə də, mərkəzi bölgələrində vəziyyət yaxşıdır. O da yavaş-yavaş aradan qalxmağa doğru gedir.

Qırğızıstan isə bu sahədə digər Orta Asiya ölkələrindən geri qalır. Amma onlar da yerlərində saymır, inkişaf edirlər. Bu ölkənin də yaxın gələcəkdə yaxşı səviyyəyə çatacağına ümidlərim var”.

N.Bayramov qeyd etdi ki, Assosiasiyanı hədəfi üzv ölkələrdə çalışan mütəxəssisləri elmi, praktik, təhsil baxımından bir araya gətirmək, ortaq tədqiqatlar aparmaq, ortaq dərsliklər və protokollar hazırlamaq, ortaq tədris prosesləri və təcrübə mübadiləsi həyata keçirməkdir: “Bu hədəflərdən hələ ki birinə, ortaq dərsliyin çap olunmasına nail olmuşuq. 8 dildə dərsliyimiz olacaq. Hazırda “Öd yollarının cərrahi xəstəlikləri” adında portalımız fəaliyyət göstərir. Hər hansı müəllif tərəfindən yazılan və portalda yerləşdirilən məqalə 8 dilə - Azərbaycan, türk, qazax, özbək, qırğız, rus, ingilis və alman dillərinə tərcümə olunacaq. Planlaşdırırıq ki, yaxın gələcəkdə məqalələr gürcü, Çin və digər dillərə də tərcümə olunsun”.

Professor bir çox ölkələrdə HPB üzrə assosiasiya və birliklərin fəaliyyət göstərdiyini, lakin çoxunun Beynəlxalq HPB təşkilatına üzv qəbul edilmədiyini bildirdi. Ancaq onun rəhbərlik etdiyi Transxəzər Beynəlxalq Hepato-Pankreato-Biliar Cərrahiyyə Assosiasiyası birbaşa Beynəlxalq HPB təşkilatına üzv qəbul olunub. TransCaspian İHPBA-nın ildə bir dəfə üzv ölkələrdə konfransının keçirilməsi nəzərdə tutulur. Növbəti konfransın bu il ərzində Türkiyədə keçirilməsi planlaşdırılır.