Prorektor Mahir Səfərov: “Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərləri ilə yanaşı, sosial-iqtisadi inkişafı və sağlamlığına da ciddi ziyan vurur
Martın 6-da Azərbaycan Tibb Universitetində “Narkomaniyaya yox deyək!” adı altında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov qeyd edib ki, narkomaniya bütün bəşəriyyəti narahat edən və hər bir cəmiyyət üçün təhlükə mənbəyinə çevrilən ağrılı problemdir: “Narkomaniya cəmiyyətin tək mənəvi və əxlaqi dəyərlərinə deyil, həm də sosial-iqtisadi inkişafına və sağlamlığına ciddi zərər vurur. Cinayətkarlıqla yanaşı, həm də yoluxucu xəstəliklər, QİÇS və hepatitin müxtəlif formaları gizli şəkildə yayılır. Təəssüflər olsun ki, ölkəmizdə də gənclər və yeniyetmələr arasında bu sosial bəla günü-gündən artmaqdadır. Bu da onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyəti və sağlamlığının itirilməsinə, son nəticədə ölümə səbəb olur”.
Prorektor əlavə edib ki, narkomaniya bütövlükdə cəmiyyətin məhvinə yönəldiyindən, onunla mübarizəyə də hamı qoşulmalıdır: “Bu problemə qarşı hər bir qurum və hər kəs mümkün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. Bu baxımdan, planetimizin qorunması, gələcək inkişafı naminə atılan addımlara dəstək olan ölkəmizdə də narkomaniya mövzusunda təxirəsalınmaz tədbirlər həyata keçirilir”.
Tədbirdə çıxış edən Psixiatriya kafedrasının professoru Zəfər Əliyev vurğulayıb ki, bu gün ən qorxulu xəstəliklərin mənbəyi elə narkomaniyadır. Çünki bu bəlaya mübtəla olan insanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar: “Narkotikdən asılılıq bu maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər.
Narkotik maddələr ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün azalması ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qaraciyər və böyrəyin zədələnməsinə gətirib çıxarır. Narkomaniyanın səbəb olduğu ən geniş yayılan xəstəlik Hepatit B-dir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur. Narkotiklərin vena vasitəsilə qəbul olunması zamanı hər bir xəstəliyə, o cümlədən HİV və QİÇS-ə yoluxma halları çoxalır”.
Professor əlavə edib ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir: “Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanda öz əksini tapıb. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 və 2018-ci illər üçün dövlət proqramları qəbul edilmişdir. Bu proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə həyata keçirilir”.
Diskussiya şəraitində keçən tədbirdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və bu cür maarifləndirici fəaliyyətin önəmi vurğulanıb. Tədbirdə narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.