Şəhla Şabanova bu sahədə böyük elmi irəliləyiş, innovativ müalicə metodları olduğunu deyir
Mart ayı çoxsaylı mieloma xəstəliyi ilə bağlı maarifləndirmə ayı kimi qeyd olunur. Məlumat üçün bildirək ki, o, dünyanın ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu, limfositlərin erkən sələfləri səviyyəsində olan hüceyrələrin şiş xəstəliyidir. Xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi ilə bağlı ATU-nun I Daxili xəstəliklər kafedrasının əməkdaşı, həkim-hematoloq Şəhla Şabanova qəzetimizə məlumat verib. O bildirib ki, çoxsaylı mieloma xəstəliyi tək bir şiş kimi deyil, sümük iliyində anormal plazma hüceyrələrinin yığılması və qanda zülalın anormal miqdarda olması şəklində özünü büruzə verir: “Bu zaman xəstə sümüklərdə ağrı, halsızlıq,
ürəkbulanma, tez yorulma halları ilə üzləşir. Həmçinin xəstədə patoloji sınıqlar, arıqlama, infeksiyalara tez-tez yoluxma müşahidə olunur. Azacıq hərəkət zamanı belə sümüklər sınır. Gecikmiş formalarda böyrək şikayətləri, Oliqo-Anuriya hallarına da (sidiyə çıxmanın zəifləməsi və ya bəzən tamamən itməsi) rast gəlinir.
Başlanğıc mərhələdə adi qan analizinin nəticələrində anemiya, həm də yüksək EÇS dəyəri aşkarlanarsa, çoxsaylı mieloma xəstəliyindən şübhələnmək olar. Bu xəstəliyin yaranma səbəbi hələ tam bəlli olmasa da, belə qəbul olunub ki, kimyəvi maddələr, neft və radiasiyaya məruz qalmaq xəstəliyi yaradan amillər sırasındadır. Çoxsaylı mieloma hüceyrələri sümük iliyində yaranıb artdığı üçün xərçəng hüceyrələrinin sağlam sümük hüceyrələrini istilasına səbəb olur”.
Onun sözlərinə görə, daha çox 50-60 yaşlı insanlarda aşkar edilən çoxsaylı mieloma riski yaşla artır: “Statistikaya görə, qadınlara nisbətən kişilər bu xəstəliyə daha çox meyllidirlər. Xəstəliyin diaqnostikası - laborator, radioloji müayinələr, sümük iliyi aspirasiya və biopsiyası, immunofiksasiya testləri əsasında aparılır.
Vaxtında hematoloji müayinə və müalicənin aparılması xəstənin ömürlük əlil olmasının, dializdən asılı qalmasının qarşısını alır və uzun müddət yaşamasına şərait yaradır. Çoxsaylı mielomanın müalicəsində böyük elmi irəliləyişin olması, eləcə də yeni dərmanların yaradılması və müasir innovativ terapiyanın ortaya çıxması xəstələrin uzunmüddətli remissiyasına imkan verir. Hazırda bu xəstəliyin dərman müalicəsi kimyəvi terapiya, radioterapiya, CART-cell müalicəsi və sümük iliyi transplantasiyası ilə icra edilir”.
Ş.Şabanova onu da vurğulayıb ki, hər qan azlığı çoxsaylı mieloma xəstəliyi demək deyil. Bununla belə, səbəbsiz anemiya aşkarlanarsa, bu xəstəliyin araşdırılması və hematoloji chek-up aparılması tövsiyə edilir. Həkimin sözlərinə görə, pasiyentlərin heç də hamısının innovativ müalicə metodlarından xəbəri yoxdur. Buna görə də xəstəliklə bağlı maarifləndirmə aylığı çərçivəsində müxtəlif tədbirlərin təşkili və məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, həkim-hematoloq Ş.Şabanovanın ötən ay Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Hematoloji nadir xəstəliklər” Konqresində “Çoxsaylı mieloma xəstələrinin induksiya müalicəsində 4-lü rejim 3-lüyə qarşı” mövzusunda çıxış edib. O, xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi barədə konqres iştirakçılarına geniş məlumat verib.