Tələbələrin təqdim etdiyi məruzələrin əksəriyyəti aktual mövzuları əhatə edib və təcrübi əhəmiyyət daşıyır
Aprelin 3-də Azərbaycan Tibb Universitetinin 95 illiyi münasibətilə Stomatologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti, 50-ci konfransı keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında kliniki bölmə üzrə keçirilən konfransı açan universitetin Elmi işləri üzrə prorektoru, professor Məlahət Sultan TEC-in konfranslarının tələbələrin gələcək elmi fəaliyyətləri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O söyləyib ki, tələbələrin elmi-tədqiqat işi tədris prosesinin ən vacib məsələlərindən biridir. Son illər tələbələrimiz istər ölkədə, istərsə də xaricdə keçirilən elmi konfranslarda və olimpiadalarda mütəmadi iştirak edərək qabiliyyət qazanırlar. TEC-in fəaliyyətinin ildən-ilə daha da yaxşılaşdığını söyləyən prorektor, bu günlərdə aktiv tələbələrimizin Hollandiyada keçiriləcək növbəti beynəlxalq konfransa dəvət aldıqlarını da nəzərə çatdırıb. Toplantı iştirakçılarına ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdıran Məlahət xanım, tələbələri yeni-yeni nailiyyətlərə səsləyib və konfransın işinə uğurlar arzulayıb.
Bundan sonra konfransda çıxış edən TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Muşviq Həsənov Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş beynəlxalq tələbə olimpiadasını xatırladıb və qeyd edib ki, ATU-nun ilk dəfə iştirak etdiyi həmin olimpiadanın qalibləri içərisində Stomatologiya fakültəsinin tələbələri də olub. Çıxışında TEC-in fəaliyyət proqramından söhbət açan M.Həsənov bildirib ki, qarşıya qoyulan məsələlərdən biri qabaqcıl ölkələrin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər arasında koordinasiyanın qurulmasıdır ki, bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və onların tibb təhsilinə inteqrasiyasını nəzərdə tutur. Bu istiqamətdə müəyyən addımların atıldığını söyləyən TEC rəhbəri gələcək planlardan danışıb və bu günkü konfransın da uğurlu olacağına əminliyini vurğulayıb.
Tələbələrin həyatında TEC-in rolunu yüksək qiymətləndirən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov bildirib ki, tələbələr arasında elmə maraq getdikcə artmaqdadır və bu tip tədbirlər həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır. O, ilk addımlarını atan gələcəyin alimlərinə uğurlar arzulayıb.
Stomatologiya fakültəsinin dekanı, təşkilat komitəsinin sədri, dosent Elmira Əliyeva da tələbələrin ildən-ilə böyük həvəslə elmi-tədqiqat fəaliyyətinə qatılmalarını müsbət hal kimi dəyərləndirib. Artıq bir ildir tədqiqat işlərinin yerinə yetirilməsi üçün tələbələrə müxtəlif təcrübələr, sorğular və tapşırıqların verildiyini deyən dekan, bütün tədqiqatçı tələbələrə uğurlar arzulayıb.
Rəsmi hissədən sonra söz tədqiqatçı tələbələrə verilib. Məruzələrin əksəriyyətinin stomatologiyanın aktual problemlərinə həsr edildiyi kliniki bölmədə 26 çıxış - Ortopedik stomatologiya üzrə 3, Ağız və üz-çənə cərrahiyyəsi üzrə 6, Terapevtik stomatologiya üzrə 5, Qulaq, burun, boğaz xəstəlikləri üzrə 2, Uşaq stomatologiyası üzrə 5, Ortodontiya kafedrası üzrə isə 5 məruzə dinlənilib.
Çıxışlardan sonra fakültə TEC-in elmi rəhbəri, dosent Aybəniz Qadaşova məlumat verib ki, bu il məruzəçi tələbələr əvvəlki illərə nisbətən daha hazırlıqlıdır və sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə kompüter görüntüləri ilə nümayiş etdiriblər, onlara verilən sualları düzgün cavablandırıblar.
Münsiflər heyətinin rəyinə əsasən, məruzəçilərdən Elnur Əhmədov və Nuray Eyubova I, Aydan Zeynalova, Toğrul Qasımov və Kuntar Lamis II, Lalə Cavadlı, Niloufar Danaeiyan və Sara Faraj Vajari III yerləri tutaraq TEC-in 50- ci konfransının xüsusi mükafatına layiq görülüblər. Qalan iştirakçılara isə sertifikatlar və VİP Dental Klinikasının hədiyyələri verilib.
İki gün davam edən konfransın xarici dillər bölməsi üzrə iclası isə ATU-nun Xarici dillər kafedrasında baş tutub. Konfransı açan TEC-in kafedra üzrə sədri Elvina Qulamova münsiflər heyətini təqdim edərək, konfransda ingilis, rus və alman dillərində 27 tələbənin çıxış edəcəyini bildirib və sözü məruzəçi tələbələrə verib.
Bundan sonra tələbələr sərbəst şəkildə məruzə ediblər. Diskussiya şəraitində keçən müzakirələr zamanı münsiflər heyətinin üzvləri qeyd edib ki, son dövrlər TEC-in konfranslarına təqdim edilən məruzələrin əksəriyyəti öz aktuallığı ilə seçilir, təcrübi əhəmiyyət daşıyır. Onların gəldiyi nəticələrə görə, Leyla Kərimli, Fuad Haqverdiyev, Aqşin Quliyev, Sevil Əliyeva, Lamiyə Musayeva, Aylan Macabalitao, Təhminə Musazadə, Məhəmməd Süleymanov, Fatima İmanova və Fatima Əliyeva TEC-in xüsusi diplomuna layiq görülüblər. Qalan iştirakçılara isə konfransın sertifikatı təqdim edilib.
Sonda çıxış edən Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva Xarici dillər kafedrasında TEC-in işinin yaxşı təşkilinə görə kafedranın müdiri, f.e.d, professor Zemfira Məmmədova, fakültə TEC-in elmi rəhbəri, dosent Aybəniz Qadaşova və TEC-in kafedra üzrə sədri Elvina Qulamovanın, eləcə də tələbələrə elmi rəhbərlik edən müəllimlərin əməyini yüksək qiymətləndirib. Məruzəçi tələbələrin fəallığını qeyd edən dekan münsiflər heyətinə də minnətdarlığını bildirib.
Konfrans tələbələrin mükafatlandırılması mərasimi ilə öz işini yekunlaşdırıb.