İctimai Səhiyyə fakültəsinin qrup nümayəndələri ilə imtahan yenilikləri haqqında görüş keçirilib

Azərbaycan Tibb Universitetininm (ATU) İctimai səhiyyə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov çıxış edib

 O, kollokviumların keçirilməsi və yeniliklərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Bildirib ki, İctimai səhiyyə fakültəsinin nəzdində olan ixtisaslarda – tibb bacısı (qardaşı), fizioterapiya və tibbi reabilitasiya ixtisasları üzrə 3 kursda, ictimai səhiyyə üzrə isə 4 kursda kollokvium təşkil olunur: “Diqqətinizə çatdırmaq istəyirəm ki, kollokviumlar aprelin 19-dan başlayacaq. İxtisas fənlərini isə kollokvium kimi nəzərdə tutmamışıq. Hansı kurslarda kollokvium olmayacaqsa, onlarda 10 bal sərbəst iş, 90 bal isə imtahana görə qiymətləndirmə tətbiq ediləcək. Kollokvium zamanı 10 bal sərbəst iş, 40 bal kollokvium, 50 bal imtahandan toplamaq lazım gələcək. 4-cü kurs tələbələri isə imtahanları bir az fərqli formada verəcək. Belə ki, 10 bal sərbəst iş, 10 bal davamiyyət, 30 bal kollokvium, 50 bal isə imtahandan toplanılmalıdır”.

K.Yaqubov yeniliklərdən birinin də imtahan prosesinə nəzarətlə bağlı olduğunu deyib. Belə ki, universitetin rektoru, prorektor və dekanlar monitorlar vasitəsilə imtahanların gedişini öz otaqlarından izləyə biləcəklər. Hər dekanlıqdan bir nümayəndə isə imtahan prosesinə yerində nəzarət edəcək: “Ona görə də qadağan olunmuş vasitələrlə imtahan zallarına daxil olmayın. İmtahan zamanı söhbət edib, özünüzə və tələbə yoldaşınıza problem yaratmayın. Bütün bunları həyata keçirməkdə məqsədimiz əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislər hazırlamaqdır”.

Daha sonra dekan müavini Nailə Məmmədova və akademik-məsləhətçi Arzu Məmmədli tələbələrə lazımi tövsiyələr veriblər.