Bezmialem Vakıf Universitetinin rektoru ATU-nun qonağı olub

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə səfərdə olan türkiyəli həmkarı ilə görüşüb

Bezmialem Vakıf Universitetinin rektoru, professor Rümeyza Kazancıoğlu ilə görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Rektor, professor Gəray Gəraybəyli ATU ilə Bezmialem Vakıf Universiteti arasında əməkdaşlığa dair memorandumun tələbləri, bu saziş çərçivəsində görüləcək işlər haqqında fikirlərini bölüşüb. Təhsil orqanları arasında münasibətlərin güclənməsinin tərəfdarı olduğunu bildirən rektor G.Gəraybəyli tibb təhsili sahəsində ortaq layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini də vurğulayıb.

Bezmialem Vakıf Universitetinin rektoru, professor Rümeyza Kazancıoğlu dəvət üçün təşəkkür edərək təmsil etdiyi tədris müəssisəsi haqqında danışıb. O, universitetlər arasında elmi, mədəni əlaqələrin qurulması və inkişafının ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına şərait yaratdığını da qeyd edib.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının dosenti, t.e.d. Aytən Məmmədzadə və TTK Efferent terapiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının assistenti Elgün Həziyevin iştirak etdiyi görüşdə elmi əməkdaşlıq çərçivəsində səfərlərin təşkil olunması, müxtəlif görüşlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.