Tanınmış amerikalı alim TCK-da mühazirə oxudu

Azərbaycan Tibb Universitetində (ATU) rezidentlər üçün növbəti mühazirə üzün estetik cərrahiyyəsinə həsr edilib

 ATU-nun Rezidentura və magistratura şöbəsi ilə Azərbaycan Ağız və Üz-Çənə Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə amerikalı professor, Visage Surgical Institunun direktoru, estetik cərrahiyyə üzrə tanınmış mütəxəssis Faisal A.Quereshy mühazirə ilə çıxış edib. 
Tədbirin əvvəlində ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri İlhamə Mustafayeva və universitetin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. 
Daha sonra ABŞ-nin  Case Western Reserve Universitenin  Üz-Cənə cərrahiyyəsi kafedrasının professoru Faisal A.Quereshy rekonstruksiya cərrahiyyəsinin aktual problemlərindən danışıb, ortoqnatik cərrahiyyə yolu ilə üzün estetik cərrahiyyəsi mövzularında fikirlərini çatdırıb. Amerikalı professor mühazirəsində həm də  konkret nümunələr üzrə təcrübəsini paylaşıb.    
Qeyd edək ki, Professor Faisal A. Quereshy estetik cərrahiyyə, üz cərrahiyyəsi, diş implantasiyası cərrahiyyəsi, kraniofasiyal və ortoqnatik cərrahiyyə sahəsində fəaliyyət göstərən təşkilatların  üzvüdür. Bir sıra elmi və klinik əsərlər və dərsliklərin müəllifi olan mühazirəçi beynəlxalq səviyyədə seminar və təqdimatlar keçirib.