Aprelin 12-də Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər və Təcili tibb kafedralarının birgə təşkilatçılığı ilə simpozium keçirilib
Açılış nitqi ilə çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan tədbiri iki kafedranın birgə təşkil etməsini alqışlayıb.
Simpoziumun “Endokrin təcili hallara təcili və planlı yanaşma” kimi aktual mövzuya həsr olunduğunu vurğulayan prorektor, mütəxəssislərin təqdim edəcəyi çıxışların həm elmi, həm də praktik cəhətdən həkimlər və tələbələr üçün faydalı olacağını diqqətə çatdırıb.
Dövlət Himni səsləndirildikdən sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov və Təcili tibb kafedrasının müdiri, dosent Nadir Zeynalovun moderatorluğu ilə simpozium öz işinə davam edib. Moderatorlar mövzuların aktuallığına toxunub, tədbir iştirakçılarına uğurlar arzulayıblar. Professor N.Bayramov bu tədbirin iki kafedranın birgə təşkilatçılığı ilə ərsəyə gəlməsinin bir yenilik olduğunu və bundan sonra başqa kafedraların da Təcili tibb kafedrası ilə birlikdə tədbirlər hazırlayacağını bildirib: “Biz tibb təsilinin ana nöqtələrinə qayıdırıq. Əsas hədəf təcili müdaxilə tələb olunan xəstələnmə hallarında tibbi yardımı necə təşkil etmək və düzgün diaqnostikanı mənimsəməkdir”.
Sonra panel müzakirələrdə Təcili tibb kafedrasının assistenti Fəxriyyə Quliyeva “Qalxanabənzər vəzinin təcili halları”, I Cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümmətov “Graves xəstəliyinə bağlı tireotoksikozu olan xəstələrdə təcili tiroidektomiyalarda təcrübəmiz”, “Real” hospitalın həkim-terapevti Ağa İsmayılov “Tireotoksikozlu xəstələrin əməliyyatönü hazırlığında plazmoferezin rolu”, “Alturamedix Group” MMC-nin direktoru Tural Alıyev “Mədəaltı vəzinin təcili halları” mövzularında çıxış ediblər. Simpozium sual-cavab əsnasında öz işini başa çatdırıb.