Onun inteqrativ təbabətlə bağlı mühazirələri yüksək qiymətləndirilib
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Kolumbiyanın Javeriana Universitetinin İnteqrativ təbabət kafedrasının müdiri, t.e.d., professor Arturo O'Byrneni qəbul edib.
Görüş zamanı professor Gəray Gəraybəyli rəhbərlik etdiyi universitetin tarixindən, qurumun fəaliyyət istiqamətlərindən, təhsil səviyyəsinin inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Qarşıda duran vəzifələrdən danışan rektor G.Gəraybəyli, xarici ölkələrin elm mərkəzləri ilə yaradılan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb və bu baxımdan kolumbiyalı professorun səfərini yüksək qiymətləndirib.
Öz növbəsində professor Arturo O'Byrne dəvət üçün təşəkkürünü bildirərək, tibb sahəsindəki fəaliyyəti haqda danışıb. O indiyədək inteqrativ təbabət mövzusunda 800-dən çox kurs apardığını, bir çox beynəlxalq elmi assosiasiyaların üzvü olduğunu bildirib. Qonaq öz biliklərini ATU-nun tələbələri və gənc həkimlərlə bölüşmək imkanı qazanmasından məmnun olduğunu bildirib.
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva əcnəbi professorun iştirakı ilə ATU-da baş tutan seminarlar haqqında məlumat verib.
Qeyd edək ki, professor Arturo O'Byrne Azərbaycan Tibb Universitetində inteqrativ təbabətlə bağlı universitet əməkdaşları və tələbələr üçün silsilə mühazirələr oxuyub. Əczaçılıq fakültəsinin korpusunda keçirilən tədbirlərdə inteqrativ təbabətin təkamülü, əsrlər boyunca bu sistemin əsas prinsiplərinin dəyişməsi, bu sahədə ortaya qoyulan elmi yanaşmalar barədə geniş məlumatlar təqdim olunub.