ATU-nun Tədris Stomatoloji Klinikasının yeni səyyar xidmətinə start verilib
Klinikanın birinci həkim kollektivi və rezident həkimləri tərəfindən həyata keçirilən bu təşəbbüs stomatoloji xidmətlərə çıxışı asanlaşdırmaq və vətəndaşların ağız-diş sağlamlığını erkən mərhələdə qorumaq məqsədi daşıyır. Səyyar xidmətin ilk dayanacağı isə “Evrika” Özəl Liseyi olub. Burada 900-dən çox məktəblinin müayinəsi həyata keçirilib.
Xüsusi diqqət isə profilaktik və diaqnostik müayinələrə yönəldilib. Uşaqların ağız boşluğunda kariyes, diş əyrilikləri, diş ətində iltihabi proseslər və digər ortodontik-anatomik problemlər erkən mərhələdə aşkarlanaraq qeydiyyata alınıb. Bu da gələcəkdə ciddi müdaxilələrə ehtiyac olmadan vaxtında tədbir görülməsinə şərait yaradır.
Qeyd edək ki, səyyar xidmət yalnız məktəblərlə məhdudlaşmır. Layihə çərçivəsində Bakı şəhəri üzrə müxtəlif əraziləri əhatə edən növbəti səfərlər də planlaşdırılıb.