Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyi ilk tədbirini aktual mövzuya həsr edib
Aprelin 18-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Miqren Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı və ATU-nun dəstəyi ilə “Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda geniş elmi-praktik tədbir keçirilib.
Toplantını giriş sözü ilə açan İctimai Birliyin sədri, professor Sədaqət Hüseynova yeni təşəkkül tapmış birliyin məqsəd və hədəflərindən, qarşıda duran vəzifələrdən danışıb: “Bütün başqa sahələrdə olduğu kimi, miqrenə də yanaşma dəyişib. Tək miqren deyil, digər baş ağrılarına yanaşma da başqa mərhələyə keçib. Dünyada bu sahədə həm diaqnostika, həm də müalicə istiqamətində baş verən yenilikləri ölkəmizə gətirmək, həkimlərə çatdırmaq, bu sahədə olan elmi boşluqları aradan qaldırmaq və məlumatlanmanı artırmaq üçün belə bir cəmiyyəti qeydiyyatdan keçirdik. Professor Məsud Aşinanın təşəbbüsü və dəstəyi ilə təsis edilən bu təşkilatın əsas məqsədi əhalinin, o cümlədən tibbi kadrların baş ağrıları barədə məlumatlandırılması, bu barədə biliklərin artırılması, eyni zamanda, müasir təcrübə və nailiyyətlərin ölkədə geniş yayılması, təlim və tədqiqatların aparılması, nəticədə bu sahədə inkişafa nail olmaqdan ibarətdir. Biz baş ağrıları sahəsində olan qabaqcıl təcrübə və yenilikləri Azərbaycan həkimlərinə çatdırmaqda bir zəncir rolunu oynamaq və bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq istəyirik. Həmin işləri yerinə yetirmək üçün müvafiq beynəlxalq təşkilatlar, həm də yerli qurumlarla sıx əlaqələr qururuq. Yarandığımız qısa müddət ərzində Avropa Baş Ağrısı Federasiyası, Türkiyə Küresel Miqren və Ağrı Dərnəyi ilə əməkdaşlıq memorandumları imzalamışıq.
Bugünkü tədbirin əsas məqsədi isə həm bu ictimai birliyin təqdimatı, həm də miqren sahəsində çox mühüm sənəd olan “Miqrenin diaqnostikası və idarə edilməsində 10 addım” konsepsiyasının yerli mütəxəssislərə çatdırılmasından ibarətdir”.
Tədbirdə çıxış edən Terapevtik Klinikanın direktoru, professor Vəsadət Əzizov İctimai Birliyin yaradılmasını yüksək qiymətləndirib və qeyd edib ki, miqrenin diaqnostik meyarları, müalicə alqoritmi müəyyənləşib. O, səhiyyədə yeniliklərin bölüşülməsinin ciddi əhəmiyyət kəsb etdiyini söyləyib və elmi-praktik tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçilərindən biri, ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli təşkilatın ilk tədbirinin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Vurğulayıb ki, çoxsaylı mütəxəssislər, gənc həkim-rezidentlər, istedadlı tələbələrin iştirak etdiyi tədbirdə çox mühüm məsələlərə - miqren və baş ağrılarının idarə edilməsi və müalicəsinə toxunulması, mütəxəssislərin öz təcrübəsini bölüşməsi Azərbaycan səhiyyəsi adına faydalı olacaq.
Sonra Danimarka Baş Ağrıları Mərkəzinin direktoru, professor Məsud Aşinanın tədbir iştirakçılarına videomüraciəti səsləndirilib.
Bundan sonra tədbir məruzələrlə davam edib. Respublika Diaqnostika Mərkəzindən Sərxan Əmirquliyev “10 Step-ə əsaslanan miqrenin müalicə alqoritmi”, ATU-dan Rəna Səmədova “Miqrenin diaqnostikasında köməkçi və skrininq vasitələri. Miqrenin müalicə cavabının qiymətləndirilməsi üçün alətlər” mövzularında və digər mütəxəssislər çıxış ediblər.
Tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılıb və tibb işçilərinə sertifikatlar təqdim olunub.