ATU-nun dosenti, Azərbaycan Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya və Reabilitasiya işçi qrupunun rəhbəri, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik İnstitutunun baş həkimi Rəhimə Qabulova bu günlərdə Milanda keçirilən "ESC Preventive Cardiology 2025" beynəlxalq konqresində iştirak edib
Konqres çərçivəsində “Global risk realities in 2025” adlı sessiyaya sədrlik edən əməkdaşımızın “Hypertension management in daily practice” adlı digər sessiyada “Hipertoniya xəstəliyində dərman müalicəsinə sadiqliyin artırılması yolları” barədə məruzəsi dinlənilib. Bu sessiya interaktiv formatda keçirilib və iştirakçılar ilə aktiv elmi fikir mübadiləsi aparılıb. Bununla yanaşı, dosent R.Qabulova Avropa Kardiologiya Cəmiyyətinin European Journal of Preventive Cardiology (EJPC) jurnalının redaksiya heyətinin toplantısına da qatılıb. Qeyd edək ki, o, 2024-cü ildən etibarən həmin jurnalın assosiativ redaktoru kimi fəaliyyət göstərir.
R.Qabulova həmin müddətdə müxtəlif ürək-damar risk qruplarına aid ölkələrin milli koordinatorlarının dəvət olunduğu, professor Massimo Piepoli və Maryam Kavousi tərəfindən idarə olunan National CVD Prevention Coordinators Workshop adlı seminarda da iştirak edib. Çox yüksək ÜD riski olan ölkələr kateqoriyasında Azərbaycan, Gürcüstan, Latviya, Litva və Rumıniya təmsil olunub. Seminar zamanı bu ölkələrin nümayəndələri ilə xroniki ürək çatışmazlığı zamanı kardioloji reabilitasiya xidmətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Seminarın sonunda ürək xəstəlikləri riski çox yüksək olan ölkələrin milli koordinatorları adından çıxış edən dosent R.Qabulova bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Əməkdaşımızın təcrübə mübadiləsi çərçivəsində İtaliyanın tanınmış lipidoloqu, professor Alberico Catapano ilə görüşü zamanı Azərbaycanda lipidologiya sahəsinin inkişaf etdirilməsi və bu istiqamətdə Azərbaycan Kardiologiya Cəmiyyəti ilə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.