Zərifə Əliyevanın işıqlı xatirəsi xalqımızın qəlbində yaşayır

 

Görkəmli alimə həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib 

Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İH, YAP Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisə rəhbərləri, rayon gəncləri iştirak ediblər.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

İlk olaraq Zərifə Əliyevaya həsr olunmuş sənədli filmizlənilib.

Çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoruVaqif Şadlinski qeyd edib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadın və analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana əsl dost, yaxın silahdaş və mənəvi dayaq olub.

Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə nəzərə çatdırıb ki, Zərifə xanım heç zaman gərgin işdən usanmayıb, ürəkdən və ilhamla çalışıb. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən daim ehtiramla yad olunur.

Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir.

ATU-nun Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası, insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.

Universitetimizin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov və digər əməkdaşlarımızın da iştirak etdiyi tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin sənətçilərinin ifasında bədii hissə ilə sona çatıb.