Qazaxıstanlı tələbələr ATU-da təcrübə keçib

Qazaxıstanın Astana Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri Azərbaycan Tibb Universitetində təcrübə keçib

ATU-da elmi məzuniyyətdə olan qazaxıstanlı tələbələr 3 həftəlik istehsalat təcrübəsini Epidemiologiya və biostatistika kafedrasında keçiriblər. Bu müddətdə onlar kafedradaki dərs proqramları, universitetdəki şərait, imtahan prosesi ilə yaxından tanış olublar.

Tələbələrlə görüşən kafedranın müdiri, əməkdar elm xadimi, professor İbadulla Ağayev onlara ATU-da təcrübə keçmələri haqqında müvafiq sertifikatlar təqdim edib.

Təcrübə haqqında təəssüratlarını bölüşən qonaq tələbələr yaradılan yüksək dərs şəraiti və qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, səfər çərçivəsində tələbələr Respublika Gigiyena və Epidemiologiya Mərkəzində olaraq, mütəxəssislərin müşayiəti ilə mərkəzin strukturu, şöbə, bölmə və laboratoriyalarının iş fəaliyyəti ilə tanış olub, eləcə də Respublika QİÇS-lə Mübarizə Mərkəzində istehsalat təcrübəsi keçərək, geniş məlumatlar əldə ediblər.