Onkoloji ginekologiyaya dair Azərbaycan dilində yazılmış ilk irihəcmli orijinal əsər böyük tirajla işıq üzü görüb
Türkiyənin dünyaca məşhur “Nobel Tibb Kitab Evləri” beynəlxalq nəşriyyat və poliqrafiya şirkətində ilk dəfə azərbaycanlı alimlərin müəllifi olduğu kitab böyük tirajla çap edilib.
Müasir tibbin ən yeni dövrünü özündə əks etdirən “Onkoloji ginekologiya” adlı monoqrafiya Milli Məclisin Səhiyyə Komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, həmçinin klinikanın əməkdaşları professor Abuzər Qazıyev və uzman həkim Əkbər İbrahimov tərəfindən qələmə alınıb.
1048 səhifədən ibarət olan, nəfis tərtibatla dizayn edilmiş monoqrafiya onkoloji ginekologiyaya aid bütün mövzuları əhatə edir. Kitabın elmi redaktoru “H” indeksi kifayət qədər yüksək (28) olan dünya şöhrətli məşhur onkoginekoloq, Türkiyənin Hacettepe Unversitetinin Onkoloji ginekologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Mehmet Coşkun Salmandır. Monoqrafiyanın tibb tələbələri üçün faydalı dərslik, onkoginekoloqlar üçün stolüstü kitab ola biləcəyini qeyd edən M.C.Salman “Onkoloji ginekologiya”nı tibbi ədəbiyyata töhfə kimi dəyərləndirib.
Monoqrafiyanın rəyçiləri Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əziz oğlu Əliyev və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Cəmilə Fazil qızı Qurbanovadır.
Əsər müəlliflərin uzun illik şəxsi tədqiqatları və zəngin təcrübi bilikləri əsasında yazılıb. Kitabda 3000-ə yaxın dünya ədəbiyyatından seçilmiş məlumatların təhlili aparılıb, xarici mənbələrlə yanaşı, Azərbaycan alimlərinin də əsərlərinə istinadlar edilib. Monoqrafiyada onkoginekologiyanın bütün vacib məsələləri və bölmələri əhatə olunub. Burada həm ayrı-ayrı nozoloji formalar barədə müfəssəl məlumat verilib, həm də onkoginekoloji praktikada elmi-təcrübi əhəmiyyət kəsb edən məsələlər müvafiq fəsillərdə ətraflı şərh edilib.
Kitab məzmun, tərtibat və elmi yenilik baxımından onkoloji ginekologiyaya dair Azərbaycan dilində yazılmış ilk irihəcmli orijinal əsərdir.
Dünya tibb elminə töhfə hesab edilən “Onkoloji ginekologiya”nın müasir dizayn və nəfis tərtibatla çapdan çıxması mütəxəssislərimizin beynəlxalq əlaqələrinin genişlənməsinin, əldə olunmuş nailiyyətlərin dünya tibb elminə inteqrasiyasının daha bir sübutudur.