Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilib

Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunan tədbirin mahiyyətini vurğulayıb: “Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub. Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələrinin qurulmasını xüsusilə vurğulayan nazir qeyd edib ki, əczaçılıq sənayesinin qanunvericilik bazasının formalaşdırılması məqsədilə “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin İnkişafı Konsepsiyası” hazırlanıb: “Səhiyyə sahəsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və gərgin zəhməti sayəsində hərtərəfli inkişaf edir. Milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılan əlverişli biznes mühiti əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəlib. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Macarıstanın Semmelveis və Peç universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları bilik və təcrübələr mübadiləsini, akademik heyətin peşə hazırlığının artırılmasını nəzərdə tutur”.

Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu deyib: “Scandens" əczaçılıq zavodu Azərbaycanda ilk dəfə olaraq yerli dərman vasitələrinin, o cümlədən Macarıstanın tanınmış dərmanlarının istehsalına başlayacaq. Bundan əlavə "Gedeon Richter" şirkəti "Scandens Pharmaceutical Industries Ltd" ilə müqaviləli istehsala başlayacaq. Bu konfrans Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisidir. Macarıstanın iki ən tanınmış dərman şirkəti 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərirlər. Peç Universiteti və Azərbaycan Tibb Universiteti isə əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətindədir”.

 

Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Tədris işləri üzrə prorektor Nazim Pənahov, o cümlədən ATU-nun Tədris Cərrahiyyə, Tədris Terapevtik və Tədris Stomatoloji klinikalarının direktorları da iştirak edib.