Buxara Dövlət Tibb İnstitutunun rektoru ATU-nun Anatomiya Muzeyi ilə tanış olub

Azərbaycan Tibb Universitetində keçirilən Tibb Festivalında bir sıra xarici ölkələrdən alim və tədqiqatçılar, mütəxəssislər iştirak edirlər

 ATU-nun 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirin qonaqları sıtasında Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutunun nümayəndə heyəti də var.

Səfər çərçivəsində Buxara Dövlət Tibb İnstitutunun rektoru, anatomiya kafedrasının professoru Şuxrat Teşayev Azərbaycan Tibb Universitetinin Anatomiya muzeyi ilə tanış olub. ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, t.ü.d.f., dosent Anar Abdullayev qonağa 1919-cu ildə prof. V.İ.Razumovski tərəfindən əsası qoyulan Muzeyin inkişaf tarixindən və zəngin kolleksiyası haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Anatomiya muzeyi hazırda 6 mindən artıq preparata malikdir. Muzeydə sümük sistemi, oynaqlar və bağlar, eləcə də əzələ sistemləri, mərkəzi və periferik sinir sistemləri ürək-damar sistemi, duyğu orqanları, daxili sekresiya vəziləri, həmçinin müqayisəli anatomiya preparatları şöbələri, diş-çənə sisteminin anatomiyası şöbəsi, teratologiya və kafedranın tarixi şöbələri fəaliyyət göstərir. Son illər muzeyin ekspozisiyasının təkmilləşdirilməsi məqsədilə kafedra əməkdaşları tərəfindən müasir anatomik texnikadan istifadə etməklə çox sayda yeni preparatlar hazırlanıb.

Muzeylə tanışlıqdan məmnun olduğunu bildirən professor Şuxrat Teşayev həmçinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında keçirilən dərs prosesində iştirak edib, tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirib.

Rektor Şuxrat Teşayev kafedranın professor-müəllim heyəti və ATU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabovla görüş zamanı rəhbərlik etdiyi qurumun elmi fəaliyyəti və əldə etdiyi uğurlardan bəhs edib, anatomiya sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsi haqqında söhbət açıb. Sonda t.e.d., professor, əməkdar elm xadimi Vaqif Şadlinski qonağa redaktoru olduğu “Anatomik terminologiya” adlı kitabı hədiyyə edib.