Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris İdman Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri (oğlanlar) arasında voleybol turniri keçirilib.
Aprelin 26-dan start götürən yarışda 10 ali təhsil müəssisəsindən (ATU, ADA, BDU, BMU, BANM, AzTU, UNEC, Xəzər və Qərbi Kaspi universitetləri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı) 88 tələbə iştirak edib. Yarışın final oyunu mayın 7-də baş tutub və qaliblər müəyyənləşib. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə UNEC komandası 1-ci, AzTU komandası 2-ci, ATU komandası isə 3-cü yerlərə layiq görülüb.
Tədbirin bağlanış mərasimində çıxış edən ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə sektor müdiri Yusif Babanlı və idarənin baş məsləhətçisi Sirac Axundov ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan, Ulu Öndərin həyat və fəaliyyətindən, onun bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi, eləcə də bütövlükdə idmana göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.
Çıxışlarda vurğulanıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bu kateqoriyadan olan insanların sağlam ruhda böyüməsinə və idmanla geniş məşğul olmasına imkanlar yaradır.
Sonda qaliblərə diplom və kuboklar təqdim olunub.