Tibb Festivalı geniş konsert proqramı ilə başa çatıb

Üç gün davam edən tədbirdə müxtəlif ölkələrdən 6 universitet rektoru, 87 mütəxəssis iştirak edib, 327 elmi məruzə dinlənilib

 Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalı mayın 8-də öz işini başa çatdırıb.

Mərasimdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, universitetimizdə keçirilən Tibb Festivalı öz əhəmiyyəti və möhtəşəmliyi ilə yadda qalıb: “Üç gün davam edən Festivalda müxtəlif ölkələrdən 6 universitet rektoru, eləcə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiyanın bir sıra elm-təhsil müəssisələrindən 87 nəfər elm adamı iştirak edib, 14 elmi sessiyada 327 elmi məruzə dinlənilib. Demək olar ki, tibbin bütün sahələrini özündə əks etdirdən bu festivalda müasirliyi və aktuallığı ilə seçilən elmi mövzular müzakirə olunub. Bir çox iştirakçıların və çıxışçıların ümumi rəyinə görə, festivalımız çox uğurla həyata keçirilib. Tədbirimizin belə geniş və əhatəli, həmçinin möhtəşəm alınmasında əməyi keçən hər bir əməkdaşımıza ürəkdən təşəkkür edirəm və doğma universitetimizə bundan sonra da yeni-yeni nailiyyətlər arzulayıram”.

Rektorun çıxışından sonra söz musiqiyə verilib. Tədbirin aparıcıları - Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nigar Babayeva və 2-ci kurs tələbəsi Anar Xəlilov Azərbaycan Tibb Universitetinin yaranma tarixindən söhbət açıb və Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Tibb Universiteti Azərbaycan Respublikası və xalqı qarşısında böyük xidmətlər göstərmişdir” ifadəsini bir daha diqqətə çatdırıblar.

Bundan sonra konsertin senarisi əsasında Müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Nicat Əhmədov “Azərbaycan” mahnısını ifa edib.

Tədbirin gedişində universitetimizə zaman-zaman rəhbərlik etmiş rektorların fəaliyyətindən danışılıb və onların haqqında hazırlanmış video-çarx nümayiş olunub. Sonra universitetin “Çinar” rəqs ansamblının qızları “Şuşanın dağları” rəqsini ifa ediblər.

Bağlanış mərasimində universitetimizin inkişaf tarixində danılmaz xidmətləri olan, adları ATU-nun şanlı tarixinə qızıl həriflərlə yazılmış korifey müəllimlər də yaddan çıxmayıb. Onların barəsində hazırlanan video-çarx izləndikdən sonra ATU-nun nəzdində fəaliyyət göstərən “Şəfa” instrumental ansamblının fəxri üzvü Nicat Nəsiblinin ifasında “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısı səsləndirilib.

Ümummilli Liderin universitetimizə həmişə böyük ehtiram və qayğı ilə yanaşdığını vurğulayan aparıcılar əlavə ediblər ki, onun 1998-ci ildə ATU-nun 5-ci korpusunun açılışında və 2000-ci ildə Azərbaycan Tibb Universitetinin

70 illik yubiley mərasimində söylədiyi xoş sözlər və tövsiyələr kollektiv tərəfindən bu gün də böyük dəyər kimi xatırlanır.

Növbəti musiqi nömrəsini - “Sevgili canan”ı tarda Abdulrəhim Mürsəlov, kamançada Sadiq Nemətli, pianoda “Şəfa” ansamblının fəxri üzvü Fatimə Mirkazımlının müşayiəti ilə MPF-nin 5-ci kurs tələbəsi Minayə Yusifova təqdim edib. Bundan başqa, qardaş Türkiyədən olan tələbələrmiz, “Şəfa” ansamblının üzvü Cansu Güzel və Hasan Çinarın birgə ifasında “Bu qala daşlı qala” xalq mahnısı tədbirə xüsusi rəng qatıb. 

Tədbirdə müstəqillik illərində torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması, dünya dövlətlərinin uzun illər bu qəsbkarlığa göz yummasına da toxunulub, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək ədaləti bərpa etdiyi, işğala son qoyduğu vurğulanıb. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin sırasında ATU-nun məzunlarının da olduğu diqqətə çatdırılıb, onlar haqda video-çarx izlənilib. Ardınca MPF-nin 5-ci kurs tələbəsi Nihad Salahlı “Əziz dostum” mahnısını səsləndirib.

Ötən 95 ildə universitetimizdə on minlərlə gəncin həkimlik peşəsinə yiyələndiyi qeyd olunub və xalqımızın sağlamlığı keşiyində dayananların böyük hörmətə layiq olduqları vurğulanıb. Bundan sonra pianoda Samir Səfərov və xorda “Şəfa” ansamblının xanım üzvlərinin müşayiəti ilə  MPF-nin 6-cı kurs tələbəsi Ülkər Gülmalıyeva “Ağ xalatlı həkimlər” mahnısı ifa edib.

Son illər aparılan məqsədyönlü islahatlar nəticəsində günü-gündən gözəlləşən və daha müasir elm ocağına çevrilən universitetimizin reytinqinin dünya səviyyəsində yüksəldiyini söyləyən aparıcılar ATU-da təhsil alan əcnəbi tələbələrin Azərbaycan tarixini, ədəbiyyatını, musiqisini və eləcə də milli dəyərlərimizi öyrəndiklərini də dilə gətiriblər. Ardınca qardaş Türkiyədən olan MPF-nin 2-ci kurs tələbəsi Sezer Çelikin ifa etdiyi “Bil oğlum” mahnısı zalda böyük coşqu yaradıb.

Bundan başqa, “Çinar” rəqs ansamblının üzvləri, MPF-nin 2-ci kurs tələbələri Məryəm Nəsibova, Ülkər Gülmalıyeva və Nicat Əhmədov, Əczaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Sona Əkbərlinin ifaları tədbir iştirakçıları alqışlarla qarşılayıb.

 Zəngin repertuarı yüksək əhval-ruhiyə üzərində köklənmiş musiqili ədəbi-bədii konsert proqramı Dövlət Himninin sədaları altında başa çatıb.

 Qeyd edək ki, üç gün davam edən Tibb Festivalının gündəliyi çox zəngin olub. Belə ki, mamalıq və ginekologiya üzrə “Qlobal problemlərə müasir baxış”, radiologiya üzrə “Yeni nəsil radiologiya”, daxili xəstəliklər üzrə “Kolloborativ baxış”, praktik nevrologiya üzrə “Müasir problemlər və gələcək”, klinik mikrobiologiya, allerqologiya və immunologiya üzrə “Uğurlar və perspektivlər”, cərrahiyyə üzrə 2 paneldə “Müasir cərrahiyyə: nailiyyətlər və texnoloji yeniliklər”, pediatriya üzrə 3 paneldə “Müasir çağırışlar və sağlam gələcək” mövzularında sessiyalar keçirilib. Bundan başqa, Tələbə Elmi Cəmiyyətinin yekun konfransı, eləcə də ATUREK-in 6 paneldə sessiyaları baş tutub. Həmçinin festival çərçivəsində “Fundamental tibb: prioritet istiqamətlər”, “Sağlam təbəssüm: multidissiplinar baxış”, “Səhiyyənin təşkili və epidemiologiya: ictimai sağlamlıq və təhlükəsizlik”, “Gələcəyin əczaçılığı: texnologiya, transformasiya və terapiya” mövzularında müzakirələr təşkil olunub. Bir panel iclası isə Əqli Mülkiyyət Agentliyi ilə birgə keçirilib.