22–28 sentyabr tarixlərində Pakistan Respublikasının Swabi Universitetinin Kimya fakültəsinin professoru Abdur Rauf Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasında akademik mübadilə proqramı çərçivəsində fəaliyyət göstərib.
Səfər müddətində professor Abdur Rauf müxtəlif fənlər üzrə dərslərdə iştirak edib, kafedranın kollektivi və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub. Qonaq Əczaçılıq fakültəsinin Farmakoqnoziya, Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarə olunması kafedralarını ziyarət edərək dərs prosesi, elmi fəaliyyət və laboratoriyalarla maraqlanıb.
Qonaq professor həmçinin ATU Elmi Araşdırmalar mərkəzini ziyarət edib, alimlərlə görüşərək müxtəlif elmi istiqamətlər üzrə diskussiya və müzakirələr aparıb. Daha sonra prof. Abdur Rauf Əczaçılıq toksikologiyası və kimya kafedrasında fakültənin bakalavr pilləsi üzrə tələbələr üçün “Üzvi maddələrin infraqırmızı spektrlərinin interpretasiyası” mövzusunda seminar təqdim edib.
Səfər çərçivəsində qonaq Əczaçılıq fakültəsinin professor-müəllim heyəti, doktorantları və magistrantlarının iştirakı ilə keçirilən geniş auditoriyada “Diospyros lotus (Qafqaz xurması) bitkisindən alınan dimer naftoxinonların dərman preparatlarının hazırlanmasında əhəmiyyəti” mövzusunda mühazirə oxuyub. bundan əlavə, həmin fakültənin bakalavr və magistr pilləsinin tələbələri üçün “Bioloji-fəal maddələrin identifikasiyasında infraqırmızı və nüvə-maqnit rezonans spektroskopiyanın tətbiqi” mövzusunda mühazirə keçirib.
Səfərin sonunda professor Abdur Rauf ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ilə də görüşüb, gələcək akademik fəaliyyət və iki universitet arasında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib. Qonağa ATU tərəfindən sertifikat təqdim olunub.