Epileptik tutmaların yenilənmiş təsnifatı artıq Azərbaycan dilində mövcuddur

Epilepsiya Əleyhinə Azərbaycan Liqası böyük məmnuniyyətlə bildirir ki, epileptik tutmaların yenilənmiş təsnifatı artıq Azərbaycan dilində istifadəyə verilib

Epilepsiya ilə mübarizəni gücləndirmək məqsədilə 1909-cu ildə yaradılmış Epilepsiya Əleyhinə Beynəlxalq Liqa (International League Against Epilepsy, ILAE) hazırda tibb sahəsində dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından biridir. Təşkilata 130-a yaxın ölkə, o cümlədən Azərbaycan da üzvdür.

ILAE-nin xüsusi komissiyaları epilepsiyanın və epileptik tutmaların təsnifatı, diaqnostik və müalicəvi yanaşmalara dair tövsiyələri mütəmadi şəkildə yeniləyir. Epilepsiyanın və epileptik tutmaların təsnifatı sonuncu dəfə 2017-ci ildə yenilənib, 2025-ci ildə isə müəyyən terminoloji dəyişikliklər əlavə edilib.

Epilepsiya Əleyhinə Azərbaycan Liqası, artıq 25 ildir ki, ILAE-nin Azərbaycandakı rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir. Liqa bu dəfə də beynəlxalq təşkilatın yenilənmiş təsnifatını uğurla Azərbaycan dilinə tərcümə edərək ILAE-yə təqdim edib.

Bununla da, epileptik tutmaların yenilənmiş təsnifatının Azərbaycan dilində versiyası artıq ILAE-nin rəsmi internet səhifəsində ictimaiyyət üçün əlçatandır.

Yeni təsnifatla tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://www.ilae.org/updated-classification-epileptic-seizures-2025