
Noyabrın 20-də Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Əczaçılar Assosiasiyasının birgə təşkilatçılığı, Əczaçılıq fakültəsinin magistri Lamiyə Yusifova və doktorantı Elvin Nağıyevin aparıcılığı ilə “Əczaçılığın müasir problemləri” mövzusunda VI Beynəlxalq Konqres öz işinə başlayıb. ATU-nun yaradılmasının 95 və Azərbaycanda ali əczaçılıq təhsilinin 85 illik yubileylərinə həsr olunan konqresin açılışında əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Vətənimizin bütövlüyü və gələcəyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək qonaqları və konqres iştirakçılarını salamlayıb. Rektor əczaçılıq təhsilinin ölkəmizdə tarixi inkişaf yolundan, bu sahənin formalaşması və möhkəmlənməsində görkəmli şəxsiyyətlərin xidmətlərindən söz açıb. O qeyd edib ki, XX əsrdə Azərbaycan əczaçılıq tarixinin ən mühüm hadisələrindən biri 1938-ci ildə ali əczaçılıq təhsilinin yaradılması və Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun təşkilidir. İnstitutun ilk rektorunun tanınmış dövlət xadimi, professor Əziz Əliyev olduğunu xatırladan rektor bildirib ki, ötən 85 il ərzində Azərbaycan əczaçılıq məktəbi böyük inkişaf yolu keçib və bu günə qədər fakültəni 3.500-dən artıq yüksək ixtisaslı mütəxəssis bitirib. Bu məzunlar ölkə ərazisində dərman təchizatı, farmasevtik xidmət və müalicə-profilaktika sahələrində mühüm rol oynayırlar. Eyni zamanda, ATU-nun Əczaçılıq fakültəsi yalnız respublikamız üçün deyil, həm də xarici ölkələr üçün peşəkar kadrlar hazırlayıb: Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, İran, Türkiyə, İraq, Sudan, İsrail, Polşa və digər ölkələrdə Azərbaycan əczaçılıq məktəbinin yetirmələri uğurla fəaliyyət göstərir.
Professor Gəraybəyli çıxışında qeyd edib ki, fakültənin məzunları arasında əczaçılıq, kimya və biologiya sahələrində çoxsaylı fəlsəfə doktorları və elmlər doktorları var. Bu mütəxəssislər təkcə Azərbaycanda deyil, ABŞ, Fransa, Ukrayna, Rusiya və digər ölkələrdə də elmi və praktiki fəaliyyətlə məşğuldurlar.
Rektor vurğulayıb ki, əczaçılıq sahəsinin inkişafında ölkə rəhbərliyinin dəstəyi hər zaman hiss olunur: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə və əczaçılıq sahəsində yeni inkişaf mərhələsi başlayıb. Bu siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
ATU-da aparılan islahatlar çərçivəsində son illərdə əczaçılıq ixtisası üzrə yeni təhsil standartları hazırlanaraq təsdiq edilib, tədris prosesi beynəlxalq tələblərə uyğunlaşdırılıb. Əczaçılıq kimyası kafedrasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun dəstəyi ilə müasir farmasevtik laboratoriya qurulub və uğurla fəaliyyət göstərir. Bunlar gələcəkdə xarici universitetlərlə ikili diplom proqramlarının həyata keçirilməsi üçün mühüm baza yaradır”.
Azərbaycan Əczaçılar Assosiasiyasının hər zaman farmasevtik sahədə elmi müzakirələrin aparılmasına, müasir problemlərin həllinə və sahənin inkişafına töhfə verdiyini vurğulayan rektor, sayca altıncı olan beynəlxalq konqresi də məhz bu ənənənin davamı kimi səciyyələndirib.
Rektor diqqətə çatdırıb ki, konqres çərçivəsində əczaçılıq elminin müxtəlif sahələri üzrə əldə olunan nailiyyətlər, yeni dərman vasitələrinin hazırlanması, elmi tədqiqat işlərinin nəticələri, süni intellektin dərman kəşfində tətbiqi, kliniki və ailə əczaçılığı, sığorta əczaçılığı və digər aktual mövzular müzakirə olunacaq.
Çıxışının sonunda konqresin işinə uğurlar arzulayan rektor, tədbirin Azərbaycan əczaçılıq təhsilinin inkişafına, farmasevt peşəsinin nüfuzunun yüksəldilməsinə, bu sahənin daha da irəliləməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Konqresin açılışında çıxış edərək tədbir iştirakçılarına səhiyyə naziri Teymur Musayevin təbriklərini çatdıran Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri Elsevər Ağayev bildirib ki, ölkənin əczaçılıq sahəsində problemlər çoxdur və onların müzakirəsinə ehtiyac var. Konfransda 10-dan çox ölkədən 30-a yaxın qonağın iştirak etdiyini vurğulayan nazirlik rəsmisi yeni dərman preparatlarının hazırlanması, əczaçılığın iqtisadiyyatı, saxta dərmanlara qarşı mübarizə kimi mövzuların konfransın əsas müzakirə xəttini təşkil edəcəyini, həmçinin süni intellektin əczaçılığa tətbiqi və dərmanların standartlaşdırılması sahəsində yeniliklərin də diqqət mərkəzində olacağını deyib.
ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasiyasının sədri, professor Tahir Süleymanov Azərbaycan əczaçılığının zəngin təbii sərvətlərə və köklü elmi ənənələrə əsaslanaraq inkişaf etdiyini diqqətə çatdırıb. O, 1951-ci ildə yaradılmış “Azərbaycan Əczaçılarının Elmi-Praktiki Birliyi”nin müstəqillikdən sonra assosiasiyaya çevrildiyini, ölkədə əczaçılıq işlərinin kadr hazırlığı, elmi tədqiqat, praktik əczaçılıq və ictimai fəaliyyət istiqamətində aparıldığını vurğulayıb.
Əczaçılıq təhsilinin inkişafı üçün yeni konsepsiyanın hazırlandığını, elmi-təcrübə bazalarının təkmilləşdirilməsi, onlayn tədris proqramlarının tətbiqi və normativ mexanizmlərin yenilənməsi kimi addımların atıldığını söyləyən T.Süleymanov qeyd edib ki, müxtəlif institutlar tərəfindən aparılan araşdırmaların koordinasiya olunması, vahid elmi mövzular üzrə birgə fəaliyyətin qurulması tədqiqatların keyfiyyətini artıracaq və beynəlxalq qrant layihələrində iştirak imkanlarını genişləndirəcək.
O, son illər yerli dərman istehsalı sahəsində atılan addımları, texnoparklarda yeni farmasevtik zavodların qurulmasını və dərman təhlükəsizliyinin strateji əhəmiyyətli sahə kimi inkişaf etdirilməsini yüksək qiymətləndirib, həmçinin Azərmed və digər aptek şəbəkələrinin respublika üzrə dərman təminatındakı rolunu xüsusi vurğulayıb.
Milli Məclisin deputatı İlham Məmmədov da çıxış edərək bu konqresin əczaçılıq sahəsində gələcək hüquqi tənzimləmələr üçün mühüm platforma olduğunu vurğulayıb. O, 2026-cı il dövlət büdcəsində səhiyyəyə 3,7 milyard manat vəsait ayrılmasını bu sahənin inkişafına göstərilən dövlət qayğısının göstəricisi kimi dəyərləndirib.
İ.Məmmədov yerli dərman istehsalının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və yerli sənayenin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu prosesdə dövlət dəstəyinin davam etdiyini və hüquqi bazanın təkmilləşdirilməsi üçün Milli Məclisin hər zaman sektora dəstək göstərəcəyini deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında qeyd edib ki, müasir çağırışlar klassik metodların artıq kifayət etmədiyini göstərir və süni intellekt, bioinformatika, nanobiotexnologiya, molekulyar farmakologiya kimi yeni texnoloji sahələr əczaçılıq elminin inkişafında əsas istiqamətə çevrilir. Onun sözlərinə görə, tədqiqatların keyfiyyətinin yüksəlməsi, beynəlxalq standartlara uyğunlaşma və innovativ yanaşmaların tətbiqi sahənin gələcəyini müəyyən edən əsas amillərdir.
İradə Hüseynova ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə artıq birgə layihələrin və protokolların müsbət nəticələr verdiyini bildirib. O, Azərbaycanın zəngin bitki müxtəlifliyinin yeni dərman preparatlarının yaradılması üçün geniş imkanlar açdığını qeyd edib.
Akademik pandemiyanın bütün dünyaya elmin və müasir texnologiyaların vacibliyini göstərdiyini, günümüzdə dərman təhlükəsizliyinin strateji məsələlərdən birinə çevrildiyini deyib. Onun fikrincə, əczaçılıq elminin inkişafında fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, kliniki tədqiqatların beynəlxalq standartlara yaxınlaşdırılması və innovativ yanaşmaların tətbiqi prioritet olmalıdır.
Çıxışların ardınca əczaçılıq sahəsində ölkəmizin əldə etdiyi nailiyyətləri özündə əks etdirən və son illərdə aparılan genişmiqyaslı işləri işıqlandıran sənədli film izlənilib.
Daha sonra Türkiyə Cümhuriyyətindən professor İlkay Erdoğan Orhan, Şimali Kiprdən professor Kemal Hüsnü Can Başer, Böyük Britaniyadan professor Bencamin Nyuland - Pepl, Özbəkistandan akademik Saqdullayev Şamansur Şahsaidoviç, Portuqaliyadan professor Anake Kijjoa, Fransadan professor Gaetan Herbette və başqaları təbrik nitqi ilə çıxış edərək Azərbaycanda olmaqdan, belə mötəbər bir tədbirdə iştirakdan məmnunluqlarını dilə gətiriblər.
Respublikamızın əməkdar artisti Ramil Qasımov isə tədbir iştirakçılarına təbrikini ecazkar Azərbaycan musiqisi ilə çatdırıb.
Açılış mərasimindən sonra konqres öz işini plenar iclaslarla davam etdirib.