
7-11 noyabr tarixlərində Türkiyənin Bursa şəhərində türkdilli ölkələrdən pediatriya sahəsinin tanınmış alimləri, ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə "5-ci Beynəlxalq Sağlam Böyüyən Uşaq Konqresi" və "Nə üçün pediatriya?" mövzusunda "3-cü PUADER Pediatriya Zirvəsi" keçirilib.
Konqresdə gündəlik praktikada faydalı olan, uşaq sağlamlığı ilə bağlı ən vacib mövzularda son yeniliklər iştirakçılara təqdim edilib.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Tibb Universitetinin əməkdaşları - Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə, APA-nın üzvü olan həkimlər, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva, Beynəlxalq əlaqələr şöbəsinin kafedra üzrə koordinatoru, dosent Ülviyyə Hacıyeva və II Uşaq xəstəlikləri kafedrasının dosenti, İctimai səhiyyə fakültəsində “Tibb bacısı işi” ixtisası üzrə koordinator, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova olublar.
T. Tağı-zadə Assosiasiyanın fəaliyyəti və beynəlxalq miqyasda qazandığı nüfuz barədə geniş təqdimatla çıxış edib. O vurğulayıb ki, Assosiasiyanın məqsədi yalnız uşaq həkimlərini birləşdirmək deyil, həm də regionda pediatriya elminin inkişafına, tibb təhsili və klinik praktikada müasir standartların tətbiqinə töhfə verməkdir: “APA-nın fəaliyyəti çərçivəsində Türkiyə səhiyyə qurumları ilə çoxistiqamətli əməkdaşlıq əlaqələri formalaşıb. Bu əlaqələr birgə konqreslər, elmi simpoziumlar, təlim proqramları və klinik təcrübə mübadilələri vasitəsilə davam etdirilir. Türkdilli dövlətlərin pediatr və mütəxəssislərinin APA-nın təşkil etdiyi tədbirlərdə fəal iştirakı həm elmi, həm də mənəvi birliyə xidmət edir”.
Ü.Hacıyeva öz çıxışında profilaktik yanaşmaların uşaq sağlamlığının qorunmasında rolu haqqında danışıb. O, pediatrik təcrübədə multidissiplinar yanaşmanın vacibliyini vurğulayaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
F.Məmmədova “Qloballaşan dünyada uşaqlarda qeyri-infeksion xəstəliklərin risk amilləri” mövzusunda çıxış edib. O, müasir həyat tərzinin, urbanizasiya və qidalanma vərdişlərinin uşaqlarda qeyri-infeksion xəstəliklərin yayılmasına təsir etdiyini, erkən profilaktik tədbirlərin və valideyn maarifləndirilməsinin önəmini vurğulayıb.
Ş.Balayeva isə “Uşaqlarda fiziki inkişaf pozğunluqları və artıq çəki problemlərinin risk amilləri” mövzusuna toxunub. O, uşaqlarda fiziki inkişafın izlənməsi, düzgün qidalanma və fiziki aktivliyin vacibliyi məsələlərindən danışıb. Artıq çəkinin erkən yaşlarda müəyyənləşdirilməsinin gələcəkdə xroniki xəstəliklərin qarşısının alınmasında əsas addım olduğunu bildirib.
Tədbir çərçivəsində kurslar, tanınmış mütəxəssislərin çıxış etdiyi panellər, konfranslar, şifahi və poster təqdimatları baş tutub.