
Azərbaycan Tibb Universitetində tədris və elmi ədəbiyyatın zənginləşdirilməsi istiqamətində növbəti mühüm nəşr işıq üzü görüb. Professor Sədrəddin Atakişizadənin müəllifliyi ilə hazırlanmış “Hepatitlərin diferensial diaqnostikası” adlı dərs vəsaiti çapdan çıxıb.
296 səhifədən ibarət olan vəsait infeksion patologiyanın mühüm hissəsini təşkil edən hepatitlər probleminə həsr olunub. Nəşrdə qaraciyər və öd yollarının patologiyalarının diaqnostik əhəmiyyəti, eləcə də hepatitlərin müxtəlif növləri barədə geniş və sistemli məlumat verilir. Xüsusilə autoimmun, alkoqol, toksiki, leptospiroz, malyariya və virus mənşəli hepatitlərin etiologiyası, epidemiologiyası, patogenezi, klinik mənzərəsi, mikrobioloji və differensial diaqnostikası, həmçinin müasir müalicə və profilaktika prinsipləri ətraflı şəkildə şərh olunub.
Dərs vəsaitinin fərqləndirici cəhətlərindən biri hepatitlər üçün patoqnomonik sayılan klinik simptomların rəngli illüstrasiyalarla təqdim edilməsidir. Bu yanaşma materialın daha asan qavranılmasına və praktiki tətbiqinə imkan yaradır.
Nəşr ali və orta tibb təhsili müəssisələrinin tələbələri, rezidentlər, doktorantlar, eləcə də infeksionist, terapevt, cərrah, qastroenteroloq, virusoloq həkimlər və laboratoriya əməkdaşları üçün nəzərdə tutulub.
Dərs vəsaitinin rəyçiləri V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov və ATU-nun Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayevdir.
Qeyd edək ki, nəşr Azərbaycan Tibb Universiteti Elmi Şurasının 25 dekabr 2025-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib.