.jpg)
Bu il aprelin 12-də ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar xidməti yaradılıb və fəaliyyətə başladığı gündən indiyədək 17 səyyar xidmət həyata keçirilib
Məqsəd stomatoloji xidmətlərin daha geniş əhali qrupları üçün əlçatanlığını artırmaq, profilaktik müayinələri gücləndirmək və sosial həssas kateqoriyalara dəstək göstərməkdir.
Səyyar xidmət “Evrika” liseyi, 1, 2 və 3 saylı uşaq evləri, UNEC - Azərbaycan Maliyyə-İqtisad Kolleci, “Atəşgah Sığorta Şirkəti”nin partnyoru “Engin LTD”, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi, Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 2 saylı Sosial Xidmət Müəssisəsi, Həssas əhali qrupları üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, Bakı Oksford Məktəbi, Bakı Ali Neft Məktəbində, eləcə də Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təşkil olunub.
Adıçəkilən müəssisələrdə əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, həmçinin sağlam həyat tərzi təşviq edilib.
Səyyar xidmətlər zamanı 8 000-dən çox sakin ilkin müayinədən keçib, onlardan 300 nəfəri klinikaya dəvət edilərək müalicə olunub.
Səyyar xidmətlərin təşkilində klinikanın rezident komandaları və həkim heyəti fəallıqları ilə seçilib. Bu fəaliyyət həm əhali üçün keyfiyyətli stomatoloji xidmətlərin əlçatanlığına şərait yaradır, həm də klinikanın tanıdılmasına mühüm töhfə verir. Eyni zamanda, rezidentlərin praktik bacarıqlarının və elmi təcrübələrinin artırılmasına da müsbət təsir göstərir. Kafedranın həkimləri bu prosesdə aktiv iştirak edərək səyyar xidmətlərin əhəmiyyətini xüsusilə vurğulayırlar.
Səyyar xidmətlərin uğurla icra olunmasının əsas təşəbbüskarı isə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylidir. Rektorun tapşırığı və dəstəyi ilə fəaliyyətə başlayan bu layihə ATU Stomatoloji Klinikasının direktoru İmran Ağayev tərəfindən daim nəzarətdə saxlanılır və səyyar xıdmətin əhatə dairəsi mütəmadi olaraq genişlənir.