
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin 5-ci kurs tələbələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən fakültə dekanı, dosent Qalina Qəniyeva bildirib ki, Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov magistratura və rezidentura pillələri ilə bağlı yenilikləri tələbələrin diqqətinə çatdıracaq və onları maraqlandıran suallara aydınlıq gətirəcək.
Daha sonra çıxış edən dosent Kamandar Yaqubov tələbələrin gələcək təhsili və karyera seçimləri ilə bağlı mühüm məqamları izah edib. Onun sözlərinə görə, universitetin Dövlət İmtahan Mərkəzi və Səhiyyə Nazirliyi ilə apardığı müzakirələr zamanı məlum olub ki, tələbələr gələcək taleləri ilə bağlı bu qurumlara çoxsaylı müraciətlər ünvanlayıblar.
K.Yaqubov qeyd edib ki, ATU ölkədə sub-bakalavr, bakalavr, əsas baza ali, magistratura, rezidentura və doktorantura səviyyələrini özündə birləşdirən nadir ali təhsil müəssisələrindəndir. Onun sözlərinə görə, əsas baza ali təhsil pilləsi üzrə – ictimai səhiyyə, stomatologiya, tibb və hərbi tibb ixtisaslarını əhatə edən bir sıra yeniliklər artıq rəsmiləşib. Nazirlər Kabinetinin yeni qərarına əsasən, gələn ildən ictimai səhiyyə ixtisası əsas baza ali pilləsindən çıxarılaraq bakalavr səviyyəsinə keçiriləcək. Bu dəyişiklik təkcə mövcud tələbələrə deyil, gələcək abituriyentlərə də şamil olunacaq.
Görüş zamanı tələbələrə diferensial qiymətləndirmə və fərqlənmə (qırmızı) diplomunun verilmə qaydaları barədə də məlumat verilib. Bildirilib ki, fərqlənmə diplomu əldə etmək üçün tələbə imtahanların ən azı 75 faizindən “A”, qalan hissəsindən isə “B” qiyməti almalı, həmçinin bütün yekun qiymətləndirmələrdən “A” toplamalıdır.
Departament rəhbəri əlavə edib ki, məzunlar təhsilini üç əsas istiqamət üzrə davam etdirə bilərlər: magistratura, rezidentura və doktorantura.
Bu məqsədlə tədris proqramındakı bəzi uyğunsuzluqların aradan qaldırılması üçün universitet Dövlət İmtahan Mərkəzi və Səhiyyə Nazirliyi ilə razılıq əldə edib. Razılaşmaya əsasən, 5-ci kursun ikinci semestrində tələbələrə əlavə olaraq patoloji anatomiya, yoluxucu xəstəliklər və klinik mikrobiologiya fənləri tədris olunacaq.
İctimai səhiyyə ixtisası üzrə məzunlar magistratura səviyyəsində “tətbiqi ictimai səhiyyə”, “əmək sağlamlığı”, “ətraf mühit və sağlamlıq”, “epidemiologiya”, “infeksiyaların profilaktikası və nəzarət”, rezidentura səviyyəsində isə “tibbi biokimiya”, “tibbi mikrobiologiya”, “yoluxucu xəstəliklər və kliniki mikrobiologiya” ixtisaslarında təhsil ala biləcəklər.
Sonda dosent Kamandar Yaqubov tələbələri maraqlandıran çoxsaylı sualları ətraflı şəkildə cavablandırıb.