
Konqresin “Milli tədqiqatlar” sessiyasında Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının dosenti Arzu Bəydəmirova “Yaşlı xəstələrdə arterial hipertoniya zamanı f-kanal blokatorunun effektivliyinin klinik təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə zamanı tədqiqatçı qlobal demoqrafik dəyişikliklər fonunda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən “Sağlam yaşlanma onilliyi (2020-2030)” proqramına diqqət çəkib. Qeyd olunub ki, BMT çərçivəsində həyata keçirilən bu təşəbbüs yaşlı əhalinin sağlamlığının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib və ÜST bu istiqamətdə qlobal səylərin əlaqələndirilməsində aparıcı rol oynayır.
Araşdırmanın nəticələrinə əsasən bildirilib ki, f-kanal blokatoru olan ivabradinin arterial hipertoniya və ritm pozğunluğu müşahidə olunan yaşlı xəstələrdə tətbiqi yüksək klinik effektivlik nümayiş etdirir. Preparat hemodinamik göstəricilərin və elektrokardioqrafik parametrlərin yaxşılaşmasına, aritmik epizodların tezliyinin azalmasına müsbət təsir göstərir və təhlükəsizlik profili ilə seçilir. Xüsusilə β-blokatorlara dözümsüzlük hallarında ivabradinin təyini məqsədəuyğun və üstün müalicə seçimi kimi qiymətləndirilib.