Bizi izləyin:
Heydər Əliyev
ATU-nun şüa diaqnostikası üzrə rezidentləri Çində təcrübə keçiblər

ATU-nun şüa diaqnostikası üzrə rezidentləri Çində təcrübə keçiblər

Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası ixtisası üzrə rezidentləri İsfəndiyar Məmmədov və Fərid İsmayıllı, Çin Xalq Respublikasında yerləşən Zhejiang Universitetinin tərkibində fəaliyyət göstərən The Second Affiliated Hospital of Zhejiang University klinikasında beynəlxalq rotasiya proqramında iştirak ediblər.

Rotasiya müddətində rezidentlər klinikanın Ultrasəs müayinəsi şöbəsinin müdiri, professor Pintong Huangın rəhbərliyi altında əvvəlcədən təsdiqlənmiş strukturlaşdırılmış praktiki proqram üzrə fəaliyyət göstəriblər. Onlar diaqnostik ultrasəs müayinələri ilə yanaşı, müxtəlif invaziv radioloji müdaxilələrdə bilavasitə iştirak edərək praktiki bacarıqlarını inkişaf etdiriblər.

Proqramın ilkin mərhələsində rezidentlər Çin mədəniyyəti, klinikanın tarixi, təşkilati strukturu və fəaliyyət prinsipləri barədə təqdimatla tanış olublar. Daha sonra xəstəxananın gündəlik iş rejimi və rotasiya çərçivəsində nəzərdə tutulan praktiki fəaliyyət planı haqqında ətraflı məlumat verilib.

Rotasiya dövründə rezidentlər mütəmadi olaraq multidissiplinar konsiliumlarda, ultrasəs müayinələrində və invaziv radioloji prosedurlarda iştirak ediblər. Eyni zamanda ixtisas sahəsi üzrə təşkil olunan elmi konfrans və seminarları izləyərək akademik biliklərini artırıblar. Təcrübə çərçivəsində qalxanvari vəz və qaraciyər şişlərinin mikrodalğa və radiofrekans ablasiyası, incə iynə aspirasiya biopsiyası, müxtəlif drenaj prosedurları və digər ultrasəs yönümlü müdaxilələrin icra texnikası ilə yaxından tanış olublar.

Rezidentlər rotasiya proqramının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyliyə, kafedra müdiri professor Məlahət Sultanaya və Azərbaycan Radioloqlar Cəmiyyətinin katibi, tibb üzrə fəlsəfə doktoru Elşad Qasımova dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş

Dostlarınız ilə paylaşın.