Bizi izləyin:
Heydər Əliyev
“Cərrahlar” tamaşası səhnəyə qoyuldu

“Cərrahlar” tamaşası səhnəyə qoyuldu

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Teatr Klubunun üzvləri tərəfindən növbəti tamaşa təqdim olunub. Görkəmli alim, akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr edilən, Ənvər Yusifzadənin eyni adlı povesti əsasında hazırlanmış “Cərrahlar” tamaşası universitet səhnəsində nümayiş etdirilib. Tamaşanı universitetin professor-müəllim heyəti və tələbələr maraqla izləyiblər.

Dilbər Rahim Əliyevanın ssenari işləməsi, Mirhəsən Cəfərovun rejissor və bədii rəhbərliyi ilə səhnələşdirilən tamaşanın səs rejissoru Bəhruz Abasov, işıq rejissorları isə Günel Tağı və Sevanə İsazadədir.

Tamaşa həkimlik peşəsinin insan həyatı qarşısında daşıdığı böyük məsuliyyəti və mənəvi ağırlığı aydın və təsirli şəkildə göstərir. Səhnədə cərrahların yalnız peşə fəaliyyəti deyil, eyni zamanda onların daxili aləmi, vicdan qarşısında verdikləri çətin qərarlar və peşə borcu ilə üzləşdikləri vəziyyətlər ön plana çıxarılır. Əsərdə həkimlik etikasına sadiqlik, elmə hörmət və insana xidmət əsas ideya kimi təqdim olunur. Obrazlar vasitəsilə həyatla ölüm arasında edilən seçimlər, vicdanlı və məsuliyyətli davranmağın nə qədər vacib olduğu tamaşaçıya çatdırılır.

Səhnə əsərində həkimlərin peşə həyatı ilə yanaşı, şəxsi yaşamlarına da yer verilir. Onların gündəlik qayğıları, daxili çətinlikləri və yaşadıqları hisslər tamaşada əks etdirilir. Müxtəlif talelərə malik xəstələr tamaşada mühüm yer tutur. Hər bir xəstə öz dərdi və ümidi ilə səhnəyə çıxır, həkimlər isə bütün bu fərqli vəziyyətlərdə insan həyatını xilas etmək üçün səbr və peşəkarlıq göstərirlər.

Eyni zamanda tamaşada həkimlər arasında mövcud olan şöhrət arzusu, şəxsi maraqlar və rəqabət kimi mənfi cəhətlər də göstərilir. Bu məqamlar göstərir ki, yüksək peşə sahibi olmağın fonunda belə insan xarakterində zəifliklər mövcuddur.

Tamaşa müsbət sonluqla yekunlaşır və bu uğur Tibb Universitetinin istedadlı tələbələri – İsmət Ağazadə, Aydın Çələbi, Gülnur Ustarlı, Nihat Cabbarov, Aydan Əhmədzadə, Röya Əhmədova, Məhəmməd Məmmədli, Jalə Məmmədli, Turac Ağazadə, Cavid Cəfərli, Aysun Əliyeva, Elmir Məmmədov, Elçin Fərzəliyev, Cəfər Qurbanov, Fərid Ocaqzadə, Mirhəsən Cəfərov, Mirhəsən Əliyev, Fatimə Tahirova, Elgün Abdullayev, Nail Rüstəmzadə, Nuray Sadıqova və Könül Nəsibovanın aktyorluq məharəti sayəsində mümkün olur.

Tamaşa “İnsanlar iki yerə ayrılır: həkimlər və digərləri. Həkimlər iki yerə ayrılır; cərrahlar və digərləri ” sitatı ilə yekunlaşıb. Tamaşaçıların alqışları ilə bitən tədbirdə yaradıcı heyətə gül dəstələri təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.