
Azərbaycan Tibb Universitetində (ATU) uzun illərdir ki, yerli tələbələrlə yanaşı, xarici ölkə vətəndaşları da təhsil alırlar
Hazırda universitetdə 50-dən çox ölkədən olan 2600-ə yaxın xarici tələbə müasir beynəlxalq standartlara cavab verən təhsil alır. Xarici tələbələrin sayına görə ATU ölkə üzrə universitetlər arasında birinci yerdə qərarlaşaraq, Azərbaycanın təhsil və tibb sahəsinə mühüm töhfələr verir.
Bu dəfəki qonağımız ATU-nun Stomatologiya fakültəsinin I kurs tələbəsi, Özbəkistan Respublikasının vətəndaşı Vahid Nuriyevdir. O, universitetdəki təhsil prosesi və Azərbaycandakı tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüb.
İxtisas seçimi barədə danışan Vahid bildirib ki, uşaqlıqdan insanlara yardım etmək və cəmiyyətə fayda vermək arzusu onu tibb sahəsinə yönəldib. Bu baxımdan stomatologiya ixtisası uzun müddət onun diqqət mərkəzində olub: “Mən insanların diş sağlamlığını bərpa etməklə yanaşı, onlara xoşbəxtlik və özgüvən bəxş etmək istəyirəm. Stomatologiya həm nəzəri, həm də praktik bilikləri özündə birləşdirən, eyni zamanda insanlarla daimi ünsiyyət yaradan bir sahədir. Məqsədim gələcəkdə üzərində daim çalışan, insanların güvəndiyi peşəkar stomatoloq olmaqdır. Çox şadam ki, məhz ATU-da təhsil almağa qərar vermişəm. Universitet və fakültə rəhbərliyi həm yerli, həm də əcnəbi tələbələrə böyük diqqət və qayğı göstərir”.
Vahid əlavə edib ki, stomatologiya ixtisasını seçərkən ailəsi tərəfindən hər zaman dəstək və inam görüb: “Bu yolda ailəmin mənə verdiyi mənəvi dəstək mənim üçün çox önəmlidir”.
Söhbət zamanı o, ATU-dakı təhsil mühitindən də məmnunluqla bəhs edib: “Həm mühazirələr, həm də praktik məşğələlər yüksək səviyyədə keçirilir. Dərslərdə böyük həvəslə iştirak edirəm. Müəllimlərimizin peşəkarlığını xüsusilə vurğulamaq istərdim. Ən sevdiyim fənlər anatomiya və ingilis dilidir. Fasilələrdə qrup yoldaşlarımla və yuxarı kurs tələbələri ilə müxtəlif mövzularda söhbət etməyi sevirəm. Dərslərdən sonra isə universitetin idman mərkəzində güləşlə məşğul oluram. Ümumilikdə tələbə həyatım çox maraqlı və rəngarəng keçir”.
Asudə vaxtlarında kitab oxumağı, musiqi dinləməyi və dostları ilə birlikdə şəhər gəzintilərinə çıxmağı sevən Vahid Bakı haqqında da fikirlərini bölüşüb: “İlk günlərdən Bakının gözəlliyi və qonaqpərvərliyi məni valeh etdi. Şəhər qədim və müasir tarixi, Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirir. İnsanlar isə xarici tələbələrə qarşı çox mehriban və səmimidirlər. Əcnəbi tələbə üçün belə bir mühitdə yaşamaq və təhsil almaq çox önəmlidir. Burada özümü Vətənimdəki kimi hiss edirəm”.