.jpeg)
Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsili kafedrasında 22 dekabr tarixindən etibarən “Klinik bacarıq 2-1” fənni üzrə Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) keçirilir
İmtahan ötən illərdə olduğu kimi müasir OSKİ standartlarına uyğun şəkildə hazırlanmış stansiyalar əsasında təşkil olunub. Tələbələr semestr ərzində əldə etdikləri praktiki bacarıqları nümayiş etdirməklə imtahan prosesində iştirak edirlər. Belə ki, OSKİ çərçivəsində tələbələr ampuldan dərman hazırlanması, əzələdaxili, venadaxili və dərialtı inyeksiyaların icrası, həmçinin böyüklər və körpələr üçün təməl həyat dəstəyi bacarıqları üzrə ümumilikdə altı stansiyada qiymətləndirilirlər.
Qeyd edək ki, imtahan prosesi tam elektronlaşdırılmış qiymətləndirmə sistemi vasitəsilə həyata keçirilir ki, bu da obyektivliyin və şəffaflığın təmin olunmasına xidmət edir. İmtahanın gedişini izləyən II müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli və I müalicə-profilaktika fakültəsinin dekan müavini dosent Mahir Quliyev təşkilati səviyyə və imtahanın gedişi ilə bağlı məmnunluqlarını ifadə ediblər.