

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında tələbələrin seçdiyi ixtisasa marağının yaradılması və motivasiyasının artırılması məqsədilə təşkil olunan “təcrübədən tədrisə” layihəsi çərçivəsində növbəti mühazirə keçirilib.
Mühazirənin qonağı BP Azərbaycan şirkətinin Sağlamlıq şöbəsinin Əmək (Sənaye) Gigiyenası və Sağlamlığı üzrə məsləhətçisi, ABŞ Miçiqan Universitetində İş Sağlamlığı və Təhlükəsizliyi Mühəndisliyi fakültəsində təhsilini davam etdirən dr. Kamran Əmirli olub.
İngiltərənin NEBOSH, BOHS və Avropanın OHTA qurumlarından əmək gigiyenası üzrə beynəlxalq sertifikata malik olan, Occupational Hygiene Training Association (OHTA) Avropa qurumunun sertifikasiya olunub müəllimi kimi fəaliyyət göstərən qonaq, İctimai səhiyyə fakültəsinin tələbələrinə “Biomonitorinq və biomarkerlər” mövzusunda mühazirə oxuyub.
Mühazirədə həmçinin BP Azərbaycan şirkətinin “SƏTƏM” və əmək gigiyenası sahəsində fəaliyyəti, iş yerlərində işçilərin sağlamlığının qorunması, iş mühitində sağlamlığa zərərli təsir göstərə biləcək fiziki, kimyəvi, erqonomik və digər amillər və onların qarşısının alınması haqqında ətraflı məlumat verilib. Tələbələr mühazirəni böyük maraqla dinləmiş və sualları ətraflı cavablandırılıb.
