
Azərbaycan Tibb Universitetində (ATU) uzun illərdir ki, yerli tələbələrlə yanaşı, xarici ölkə vətəndaşları da təhsil alırlar. Hazırda universitetdə 50-dən çox ölkədən olan 2600-ə yaxın xarici tələbə müasir beynəlxalq standartlara cavab verən təhsil alır. Xarici tələbələrin sayına görə ATU ölkə üzrə universitetlər arasında birinci yerdə qərarlaşaraq, Azərbaycanın təhsil və tibb sahəsinə mühüm töhfələr verir.
Bu dəfəki müsahibimiz ATU-nun Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi, Misir vətəndaşı Farah Sameer Haggagdır. O, seçdiyi ixtisas və Azərbaycandakı tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüb.
Farah bildirib ki, ixtisas seçimi zamanı həkim olmaq və insanların həyatında müsbət dəyişikliklər yaratmaq onun üçün əsas motivasiya olub:
“Plastik cərrahiyyə sahəsi məndə xüsusi maraq oyadıb. Bu sahə insanlara özgüvən qazandırmaq və özlərini daha yaxşı hiss etmələrinə kömək etmək imkanı yaradır. Hazırda savadlı həkim olmaq üçün əlimdən gələni edirəm. Tədris prosesi asan olmasa da, olduqca maraqlıdır. ATU-da dərslər yüksək səviyyədə keçirilir və mən dərslərdə böyük məmnuniyyətlə iştirak edirəm”.
O, təhsilinə ciddi yanaşdığını vurğulayaraq qeyd edib ki, gələcək karyerası bugünkü səylərindən asılıdır:
“Dərslərə kifayət qədər vaxt ayırıram, çünki gələcəkdə pasiyentlərə ən yüksək səviyyədə yardım göstərmək istəyirəm. Hesab edirəm ki, biliklə yanaşı, həkim mərhəmət, səbir və məsuliyyət kimi keyfiyyətlərə də malik olmalıdır”.
Farah ailəsinin ona verdiyi dəstəyi xüsusi vurğulayıb:“Ailəm seçimimlə fəxr edir və məni hər zaman dəstəkləyir. Nə qədər zəhmət çəkdiyimi görürlər və bu, mənim üçün böyük motivasiyadır. Onlara minnətdaram”.
Asudə vaxtı haqqında danışan tələbə dostları ilə vaxt keçirməyi, xüsusilə boulinq oynamağı və kitab oxumağı sevdiyini bildirib:“Bakı çox gözəl və qonaqpərvər şəhərdir. Şərq və Qərb mədəniyyətinin vəhdəti məni valeh etdi”.
Sonda Farah gələcək tələbələrə tədris prosesinə məsuliyyətlə yanaşmağı tövsiyə edib:“Vaxt çox sürətlə keçir. Onu necə idarə etməyiniz isə yalnız sizdən asılıdır”.