Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Təcili Tibb kafedrasında OSKİ imtahanları ilk dəfə yeni formatda keçirilib

ATU-nun Təcili Tibb kafedrasında OSKİ imtahanları ilk dəfə yeni formatda keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Təcili Tibb kafedrası tədris prosesində innovativ yanaşma tətbiq edərək bir ilkə imza atıb

Kafedrada keçirilən OSKİ imtahanları tamamilə yeni formatda təşkil olunub.

Yeni formatın əsas yeniliklərindən biri imtahan suallarında QR kodlardan istifadə edilməsi olub. Belə ki, QR kodlar vasitəsilə kardioqramma nəticələri, ultrasəs müayinəsinin göstəriciləri və digər vizual tibbi məlumatlar imtahan prosesinə daxil edilib.

OSKİ imtahanı 5 stansiyadan ibarət olub və hər stansiya üzrə tələbələrə 3 dəqiqə vaxt verilib. Stansiyalardan birində isə simulasyon pasient modeli tətbiq edilib. Ümumilikdə imtahanların təşkili prosesinə Həyat Teatr Klubunun 9 aktyor tələbəsi cəlb olunub. Belə ki, aktyor tələbələr şikayətçi xəstə rolunu canlandırıb, imtahan verən tələbə isə onu müayinə edib.

Qeyd olunub ki, təcili tibbi yardım şöbəsi digər şöbələrdən fərqli olaraq xüsusi yanaşma tələb edir. Bu şöbəyə müraciət edən xəstələr əksər hallarda panik vəziyyətdə, ağrılı və təcili müdaxiləyə ehtiyacı olan şəxslər olur. Yeni imtahan formatı tələbələrin bu cür real vəziyyətləri yaxından hiss etməsinə, stress altında düzgün diaqnoz qoyma bacarıqlarını yoxlamağa imkan yaradıb.

İmtahandan keçən tələbələr tətbiq olunan yeniliyi müsbət dəyərləndiriblər.

İmtahan prosesini ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Təcili Tibb kafedrasının müdiri, dosent Nadir Zeynalov, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli izləyiblər. Prorektor tələbələrlə fikir mübadiləsi aparıb, diskussiya təşkil edib. Kafedra müdiri isə imtahanın bu formatda keçirilməsi və hazırlıq prosesi barədə ətraflı məlumat verib.

Paylaş

Dostlarınız ilə paylaşın.