Bizi izləyin:
Heydər Əliyev
Əczaçı yalnız aptekdə dərman satan deyil

Əczaçı yalnız aptekdə dərman satan deyil

Baytarlıq əczaçılığı üzrə təhsil alanların diplomunda ixtisas kimi “əczaçı” yazılması ciddi uyğunsuzluqdur

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi ölkədə bu sahədə aparıcı ixtisas müəssisəsi olmaqla yanaşı, həm kadr hazırlığı, həm də beynəlxalq tələbə cəlbediciliyi baxımından xüsusi rola malikdir. Fakültədə mövcud vəziyyət, qəbul göstəriciləri, tələbələrin təşviqi və mövcud problemlər barədə fakültənin dekanı, dosent Fərəh Mədətli ətraflı məlumat verib.

Dekan bildirib ki, 2023-2024-cü tədris ilinə qədər fakültəyə dövlət sifarişi əsasında 60 tələbə qəbul edilirdi. Lakin ölkədə əczaçılıq sahəsinə artan tələbat, yeni dərman istehsalı müəssisələrinin açılması və işğaldan azad olunmuş ərazilərdə kadr çatışmazlığı nəzərə alınaraq, bu rəqəm 80-ə çatdırılıb.

F.Mədətli fakültənin təqdim etdiyi təhsilin yerli tələbələrlə yanaşı, əcnəbilər üçün də cəlbedici olduğunu vurğulayıb: “Tələbələrin təxminən yarısı əcnəbilərdir. Ən çoxu qardaş Türkiyədəndir. Eləcə də İran, İraq, Fələstin, Sudan, Zimbabve, Kamerun və digər ölkələrdən tələbələr təhsil alır”.

Dekanın fikrincə, son illərdə fakültəyə qəbulun müəyyən qədər azalmasının səbəbi Türkiyədə ali təhsil qanunvericiliyində yeniliklər və bəzi universitet diplomlarının tanınma reytinqindəki dəyişikliklərdir. Həmçinin Azərbaycanda yalnız iki universitetdə – Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində əczaçılıq ixtisasının mövcud olmasına baxmayaraq, Gəncə Aqrar Universitetində baytarlıq əczaçılığı üzrə təhsil alanların da məzun olarkən diplomlarında ixtisas kimi “əczaçı” yazılması ciddi uyğunsuzluqdur: “Bu daha aşağı qəbul balı və az təhsil xərci ilə magistraturaya daxil olanların ədalətsiz üstünlüyü deməkdir. Bu məsələnin araşdırılması və boşluqların aradan qaldırılması vacibdir”.

Fərəh xanım onu da bildirib ki, qanunvericiliyə əsasən, aptek və əczaçılıq sahələrində yalnız ali təhsilli əczaçıların çalışması tələb olunsa da, praktik icrada bu norma tez-tez pozulur. “Rəsmi əczaçı adı altında qeyri-mütəxəssislərin çalışması ciddi problemdir və bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var” – deyə o vurğulayıb.

Abituriyentlərin fakültəyə təşviqi məsələsinə gəldikdə isə, bu məqsədilə müxtəlif maarifləndirici və tanıtım tədbirləri həyata keçirilir: “Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ixtisas seçimi sərgilərində iştirak edirik. Valideynlərə və abituriyentlərə fakültə haqqında ətraflı məlumat verilir, buklet və təqdimatlar paylanır. Həmçinin orta məktəb və kolleclərdə təqdimatların keçirilməsi üçün işçi qrupları formalaşdırılır”.

Fakültənin təşviq strategiyasının əsas istiqamətlərindən biri də uğurlu məzunların timsalında akademik və praktik potensialın nümayişidir: “Handbook – məlumat kitabçamızda yalnız tədris prosesi və karyera imkanları yox, həm də ən uğurlu məzunlarımızın hekayələrinə geniş yer ayrılıb. Bu hekayələr əczaçı olmaq istəyən gənclər üçün real motivasiya mənbəyidir”.

O cümlədən məzunlarla hazırlanan 20-30 saniyəlik qısa videoçarxlar onların nailiyyətlərini, fakültədə qazandıqları biliklərin karyeralarındakı rolunu və gənclərə tövsiyələrini əks etdirir. Bu isə fakültənin imicinin formalaşmasında, ixtisasın cəlbediciliyinin artırılmasında və tələbələrin gələcəyə inamının möhkəmləndirilməsində mühüm rol oynayır.

Dekan vurğulayıb ki, Əczaçılıq fakültəsi yalnız aptek fəaliyyəti ilə məhdudlaşmayan, geniş və çoxşaxəli karyera imkanları təqdim edir: “Çoxlarımız elə bilirik ki, fakültəni bitirənlər yalnız apteklərdə dərman satışı ilə məşğul ola bilər. Halbuki, bu ixtisasa yiyələnənlər müxtəlif sahələrdə, məsələn, əczaçılıq zavodlarında, elmi-tədqiqat laboratoriyalarında, analitik-ekspertiza mərkəzlərində, Səhiyyə Nazirliyinin və TƏBİB-in qurumlarında, İcbari Tibbi Sığorta Agentliyində, xəstəxanaların farmakonəzarət şöbələrində, Qida Təhlükəsizliyi Agentliyində və digər müvafiq yerlərdə fəaliyyət göstərirlər”.

F.Mədətli sonda qeyd edib ki, mövcud problemlərin qanuni şəkildə həlli, düzgün maarifləndirmə və effektiv təşviq mexanizmləri sayəsində bu sahəyə marağın daha da artacağına inam böyükdür.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.