
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi Rəhbəri dosent Nərgiz Məmmədova, ATU TEC-in sədri Nigar Babayeva və cəmiyyətin aktiv üzvləri, o cümlədən universitetdə təhsil alan xarici tələbələr Azərbaycan Təbabəti Muzeyinin 40 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən, ATU TEC-in Elmi Rəhbəri dosent Nərgiz Məmmədova Azərbaycan Tibb Universitetinin rəhbərliyi adından muzeyin rəhbərliyinə və kollektivinə tələbələr üçün yaradılan şəraitə, maarifləndirici ekskursiyalara və səmərəli əməkdaşlığa görə dərin təşəkkürünü bildirib. O, bu kimi tədbirlərin tələbələrin peşəkar dünyagörüşünün formalaşmasında, milli tibb irsinin tanıdılmasında və elmi marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Yubiley tədbiri çərçivəsində ATU TEC-in aktiv üzvləri üçün muzey əməkdaşları tərəfindən maraqlı və zəngin ekskursiya təşkil olunub. Tələbələr Azərbaycan təbabətinin inkişaf mərhələləri, tarixi tibbi alətlər, arxiv materialları və tanınmış həkim-alimlərin fəaliyyəti ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.
