Bizi izləyin:
Heydər Əliyev
Müasir immunodiaqnostika: fərdiləşdirilmiş klinik qərarlara açılan pəncərə

Müasir immunodiaqnostika: fərdiləşdirilmiş klinik qərarlara açılan pəncərə

Afaq Xəlilova: Bu yanaşma müalicənin effektivliyi artırır, lazımsız dərman istifadəsi və yan təsirləri minimuma endirir

Son illər immunodiaqnostika sahəsində tətbiq olunan müasir yanaşmalar diaqnostikanın dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb. Qabaqcıl laborator texnologiyalar, molekulyar-genetik üsullar və süni intellektə əsaslanan analitik sistemlər immun sistemin funksional vəziyyətinin daha dərindən qiymətləndirilməsinə imkan yaradaraq klinik qərarların fərdiləşdirilməsini təmin edir.

Bu sahədə əldə olunan yeniliklər haqqında əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, Allergologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanın rəhbərliyi altında fəaliyyət göstərən kafedranın assistenti, Elmi Araşdırmalar Mərkəzinin İmmunologiya şöbəsinin müdiri  Afaq Xəlilova danışıb.  

Mütəxəssis bildirib ki, son illərdə immunologiya sahəsində əldə olunan elmi və texnoloji nailiyyətlər immunoloji diaqnostikaya yanaşmanı əsaslı şəkildə dəyişərək, immun sisteminin funksional vəziyyətinin, tənzimlənməsinin və dinamikasının kompleks qiymətləndirilməsinə imkan yaradıb. Bu yanaşma immun xəstəliklərin vaxtında və dəqiq aşkarlanmasında laborator əsaslı obyektiv üsulların rolunu əhəmiyyətli dərəcədə artırıb. Müasir klinik immunologiyada diaqnostika immun balansın pozulması nəticəsində formalaşan autoimmun proseslərin, immunçatışmazlıq hallarının, allergik xəstəliklərin və immun nəzarət mexanizmlərinin zəifləməsi nəticəsində inkişaf edən onkoloji proseslərin erkən mərhələdə müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən immun sistemin qiymətləndirilməsi yalnız klinik əlamətlərlə məhdudlaşmır, eyni zamanda laborator əsaslı, yüksək dəqiqliyə malik immunoloji test üsullarına əsaslanaraq müasir tibbin ayrılmaz tərkib hissəsinə çevrilir.

A.Xəlilova qeyd edib ki, immunoloji test üsulları anticisimlərin, antigenlərin və immun hüceyrələrin mövcudluğunu və miqdarını müəyyən etməyə imkan verən əsas analitik metodlardır və autoimmun, allergik, infeksion xəstəliklərin, eləcə də immunçatışmazlıq hallarının erkən diaqnostikasında, immun statusun qiymətləndirilməsində geniş tətbiq olunur. ELISA, Western blot, immunoflüoressens və radioimmun analizlər immun cavabın birbaşa ölçülməsini təmin edərək xəstəliklərin düzgün diferensiasiyası və müalicə strategiyalarının formalaşdırılması üçün etibarlı məlumat bazası yaradır. Erkən aşkarlanma, xəstəliyin gedişinin monitorinqi, pasiyentin həyat keyfiyyətinin yaxşılaşdırılması və stabil klinik vəziyyətin qorunması immunoloji pozğunluqların idarə olunmasının əsas məqsədlərini təşkil edir. Bu proses risk qruplarının skrininqi, biomarker əsaslı yanaşmalar və fərdiləşdirilmiş müalicə strategiyaları ilə həyata keçirilir. Müasir immunodiaqnostika isə təkcə analitik testlərlə məhdudlaşmayaraq immun sistemin hüceyrə, toxuma, molekulyar və genetik səviyyələrdə qiymətləndirilməsini təmin edən qabaqcıl texnoloji platformalara əsaslanır ki, bu da immun pozğunluqların daha dəqiq diferensiasiyasına, xəstəlik mexanizmlərinin dərin anlaşılmasına və effektiv klinik qərarların qəbuluna imkan yaradır.

O, həmçinin vurğulayıb ki, süni intellekt texnologiyalarının tibbi diaqnostikaya inteqrasiyası immunodiaqnostikada keyfiyyətcə yeni mərhələnin əsasını qoyaraq böyük həcmdə laborator və klinik məlumatların birgə təhlili vasitəsilə immun sistemin funksional vəziyyətinin, pozulma mərhələlərinin və zamanla dəyişikliklərinin daha dəqiq qiymətləndirilməsinə imkan verir. Müasir immunoloji diaqnostikada seroloji testlər və axın sitometriyası əsas texnoloji platformalar kimi geniş tətbiq olunur. Seroloji üsullar qanda antigen və anticisimlərin aşkarlanmasına əsaslanaraq autoimmun və infeksion xəstəliklərin erkən diaqnostikasında mühüm rol oynayır, axın sitometriyası isə immun hüceyrə populyasiyalarının kəmiyyət və keyfiyyət göstəricilərini, səthi markerlərini və aktivasiya vəziyyətini eyni vaxtda təhlil edərək immun statusun obyektiv monitorinqini təmin edir. Bu yanaşmalar immun cavabın həm humoral, həm də hüceyrə komponentlərinin kompleks qiymətləndirilməsinə və daha dəqiq klinik qərarların qəbuluna şərait yaradır.

İmmun funksiyanın qiymətləndirilməsində limfosit proliferasiya analizləri, toxuma səviyyəsində immunohistokimya və genetik testlər əsas texnologiyalar kimi geniş tətbiq olunur. Limfosit proliferasiya analizləri spesifik antigenlərə və ya mitogenlərə cavab olaraq limfositlərin çoxalma qabiliyyətini ölçərək immunçatışmazlıqların və bəzi autoimmun xəstəliklərin funksional qiymətləndirilməsinə imkan verir. İmmunohistokimya etiketlənmiş anticisimlər vasitəsilə toxuma və hüceyrə kəsiklərində spesifik antigenlərin lokalizasiyasını göstərir, onkoloji və autoimmun xəstəliklərin patogenezini anlamağa kömək edir. Genetik testlər və yeni nəsil sekvensləmə (NGS) texnologiyaları isə immun sistemin molekulyar, genetik və klonal müxtəlifliyini dərin şəkildə təhlil etməyə, irsi immun xəstəlikləri erkən aşkarlamağa və nadir immun hüceyrə klonlarını müəyyən etməyə imkan verir. Bununla da precision immunologiyanın formalaşmasına və fərdiləşdirilmiş diaqnostik yanaşmaların hazırlanmasına şərait yaradır.

Mütəxəssis əlavə edib ki, son illərdə CRISPR/Cas sistemlərinə əsaslanan diaqnostik texnologiyalar və kütlə sitometriyası (CyTOF) immunodiaqnostikada yeni imkanlar yaradaraq, tək hüceyrə səviyyəsində geniş parametrlərin eyni vaxtda təhlilinə və kompleks immun profillərin qurulmasına imkan verir. SHERLOCK və DETECTR platformaları patogenlərə və xəstəliklə əlaqəli nuklein turşularına qarşı sürətli və dəqiq aşkarlama təmin edir, CyTOF isə dağınıq skleroz, HIV/QİÇS, onkoloji xəstəliklər və transplantasiya pasiyentlərində immun hüceyrə funksiyalarının monitorinqində geniş tətbiq olunur. Bu texnologiyalar fərdiləşdirilmiş tibbin inkişafına təkan verərək “hamı üçün eyni müalicə” prinsipindən uzaqlaşmağa, hər bir pasiyentin immun-genetik xüsusiyyətlərinə uyğun terapiyanın seçilməsinə və müalicənin effektivliyinin artırılmasına şərait yaradır, eyni zamanda lazımsız dərman istifadəsini və yan təsirləri minimuma endirir.

Müasir immunodiaqnostika xəstəliyin gedişini real vaxt rejimində izləməyə və alovlanma ilə remissiya mərhələlərini monitorinq etməyə imkan verərək müalicə strategiyalarının vaxtında tənzimlənməsini təmin edir. Axın sitometriyası, sitokin profilləri, PCR, immunohistokimya və molekulyar-genetik yanaşmalar immun sistemdə baş verən dəyişiklikləri dəqiq qiymətləndirir, yalançı nəticələri azaldır və immunoloji xəstəliklərin düzgün diferensiasiyasına şərait yaradır. Süni intellekt isə laborator və klinik məlumatları birləşdirərək analizləri daha dəqiq edir, həkimi əvəz etmədən klinik qərarverməni dəstəkləyir. Beləliklə, immun diaqnostika yalnız xəstəliyi təsdiqləyən alət olmaqdan çıxaraq müalicənin ayrılmaz və dinamik hissəsinə çevrilir, bioloji preparatlar, CAR-T hüceyrə terapiyası və transplantasiya sonrası immun statusun davamlı monitorinqini təmin edərək müalicənin təhlükəsizliyi və effektivliyini artırır.

Sonda vurğulanıb ki, müasir immunodiaqnostika immun sisteminə açılan bir pəncərə rolunu oynayır və bu pəncərə nə qədər aydın olarsa, qəbul edilən klinik qərarlar da bir o qədər dəqiq və effektiv olur.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.