Bizi izləyin:
Heydər Əliyev
Nigar Ələkbərova: Zorakı cinayətlərin iqtisadi nəticələri kompleks yanaşma tələb edir

Nigar Ələkbərova: Zorakı cinayətlərin iqtisadi nəticələri kompleks yanaşma tələb edir

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai fənlər kafedrasının dosenti Nigar Ələkbərova zorakı cinayətlərin yalnız tibbi və hüquqi deyil, həm də ciddi iqtisadi nəticələr doğurduğunu bildirib. Onun sözlərinə görə, hər bir zorakılıq faktı dövlət büdcəsinə birbaşa və dolayı xərclər şəklində əhəmiyyətli yük yaradır.

Mütəxəssis qeyd edib ki, birbaşa xərclərə zərərçəkənlərin müalicəsi, reabilitasiyası, məhkəmə-tibbi ekspertizalar, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti daxildir. Dolayı xərclər isə əmək qabiliyyətinin itirilməsi, əlillik, ailə gəlirlərinin azalması və uzunmüddətli sosial dəstək ehtiyacı ilə bağlıdır. Bəzi beynəlxalq araşdırmalara əsasən, zorakı cinayətlərin iqtisadi zərəri bir sıra ölkələrdə ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir.

N.Ələkbərova vurğulayıb ki, məhkəmə təbabəti bu prosesdə mühüm rol oynayır. Ekspert rəyləri yalnız hüquqi sənəd deyil, eyni zamanda iqtisadi və statistik məlumat mənbəyidir. Toplanan məlumatlar dövlət proqramlarının hazırlanması, kompensasiya mexanizmlərinin qurulması və sosial dəstək tədbirlərinin planlaşdırılması üçün əsas baza rolunu oynayır.

Onun fikrincə, məhkəmə tibbi məlumatların iqtisadi təhlillə inteqrasiyası sosial siyasətin daha effektiv qurulmasına imkan verir. Bu isə zorakılıq qurbanlarına dəstək proqramlarının, profilaktik tədbirlərin və penitensiar sistem xərclərinin daha düzgün planlaşdırılmasına şərait yaradır.

ATU dosenti hesab edir ki, gələcəkdə vahid məlumat bazalarının yaradılması, multidissiplinar yanaşmanın tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi zorakı cinayətlərin iqtisadi və sosial nəticələrinin azaldılmasına töhfə verə bilər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.