Bizi izləyin:
Heydər Əliyev
22 Fevral - Ümumdünya Ensefalitlə Mübarizə Günüdür

22 Fevral - Ümumdünya Ensefalitlə Mübarizə Günüdür

2013-cü ildən etibarən hər il 22 fevral Ümumdünya Ensefalitlə Mübarizə Günü kimi qeyd olunur

 Bu günün əsas məqsədi insanları xəstəliyin təhlükələri barədə məlumatlandırmaq, yeni yoluxma hallarının qarşısının alınmasına nail olmaq və xəstəlikdən əziyyət çəkən şəxslərə dəstək göstərməkdir.

Ensefalit xəstəliyinin kliniki əlamətləri, əsas yaranma səbəbləri, profilaktikası hansı üsullarla aparılır? Diaqnostika səviyyəsi qənaətbəxşdirmi? Bu və digər suallarımızı Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti Aygün Musayeva cavablandırdı.

Dosent bildirdi ki, ensefalit mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunan, beynin iltihabı ilə xarakterizə olunan ciddi xəstəliklər qrupudur: “Ensefalit ilkin və ya ikincili, virus və ya bakterial, həmçinin yoluxucu-allergik və toksik mənşəli ola bilər. Ən ağır formalarından biri gənələrin dişləməsi ilə ötürülən gənə ensefalitidir. Bu xəstəlik sinir hüceyrələrini zədələyir, həm baş beyin, həm də onurğa beyni strukturlarında ciddi dəyişikliklər yaradır. Bu xəstəliyin nəticələri tam sağalma, müxtəlif dərəcədə əlillik və həmçinin ölümə səbəb ola bilər. İnfeksiyanın əsas mənbəyi tayqa gənəsidir. Xəstəlik mövsümi xarakter daşıyır. İnfeksiya üçün ən təhlükəli ərazilər əsasən Şimali, Şərqi və Mərkəzi Avropada yerləşən bir neçə Avropa ölkəsidir”.

Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə müxtəlif  etiologiyalı  ensefalitlərin erkən mərhələsində əsasən  baş ağrısı, ürəkbulanma, qusma, hərarətin yüksəlməsi, əzələ və oynaq ağrıları, həmçinin yuxarı tənəffüs yolları və mədə-bağırsaq sisteminin zədələnməsi ilə bağlı əlamətlər müşahidə olunur. Ensefalitlər zamanı  şüurun müxtəlif dərəcədə pozulması, hərəkət və koordinasiya çətinlikləri, görmə pozğunluqları, eləcə də mərkəzi sinir sisteminin ocaqlı zədələnmə simptomları kimi nevroloji çatışmamazlıqlar inkişaf edə bilər.

Ensefalitin diaqnostikası xəstənin şikayətləri və klinik əlamətləri, nevroloji müayinə, MRT və KT görüntüləri, laborator analizlər və onurğa beyni mayesinin müayinələri əsasında aparılır. A.Musayeva vurğuladı ki, xəstəliyin vaxtında diaqnozu və tibbi yardıma erkən müraciət həyati əhəmiyyət daşıyır: “Gecikmiş müalicə ağır, geri dönməz nevroloji zədələnmələrə, əlilliyə və ya ölümə səbəb ola bilər. Əsas ağırlaşmalara davamlı ifliclər, əqli və psixi pozuntular, epileptik sindrom və xroniki baş ağrıları daxildir. Xəstəliyin ilk bir neçə günü ərzində müalicəyə başlanılmazsa, ağırlaşma riski əhəmiyyətli dərəcədə artır. Postensefalitik sindrom aylarla, hətta illərlə davam edə bilər və geniş reabilitasiya tələb edir”.

Gənə ensefalitinin profilaktikası barədə danışan həkim əlavə etdi: “Xəstəliyin geniş yayıldığı ərazilərə səfər etməyi planlaşdıran şəxslərə peyvənd olunmağı tövsiyə edirik. Təbii mühitdə olarkən qoruyucu geyim geyinmək, meşə və parkdan qayıtdıqdan sonra bədəni diqqətlə gənələrə görə yoxlamaq, xüsusilə əlçatmaz yerlərə diqqət yetirmək vacibdir. Bu sadə, amma effektiv tədbirlər yoluxma riskini azaltmağa və xəstəliyin ağırlaşmalarının qarşısını almağa kömək edir”.

Sonda isə mütəxəssis vurğuladı ki, maarifləndirmə, erkən diaqnostika və profilaktik tədbirlər xəstəliyin yayılmasının qarşısının alınmasında və əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.

 

Paylaş

Dostlarınız ilə paylaşın.