
Azərbaycan Tibb Universitetinin (ATU) alimləri tərəfindən hazırlanmış yeni preparat – “Parodontitin müalicəsi üçün fitosom tərkibli nanogel” – Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib.
Əczaçı, histoloq və stomatoloqlardan ibarət uzunmüddətli multidissiplinar araşdırmalar nəticəsində, təbii xammal əsasında innovativ müalicə vasitəsi hazırlayıb.
Patentin sahibi, ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Sevil Mehralıyeva, preparatın müasir “Drug Delivery” sisteminə əsaslandığını bildirir: “Nanohissəciklər sayəsində aktiv maddələr selikli qişanın dərin qatlarına və iltihab ocağına daha effektiv çatdırılır. Fitosom strukturu bitki mənşəli bioloji aktiv maddələrin hüceyrə membranından keçidini asanlaşdırır, nanogel forması isə preparatın ağız boşluğunda uzun müddət qalaraq tədricən sərbəstləşməsinə imkan verir.”
Tədqiqatın nəticələri həm laborator, həm də kliniki mərhələdə təsdiqlənib. ATU-nun Elmi Araşdırmalar Mərkəzində (EAM) Transmission Elektron Mikroskopiyası vasitəsilə nanohissəciklərin ölçüsü və stabil strukturu müəyyən edilib. Stomatologiya kafedrasında aparılan kliniki sınaqlarda isə parodontit zamanı sağalma müddətinin qısaldığı və iltihabın sürətlə azaldığı müşahidə olunub.
Bu patent, Azərbaycanda nanotexnoloji dərman preparatlarının istehsalı və milli brendin formalaşması istiqamətində mühüm addımdır.
İxtiraçılar sırasında həmçinin ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri Eldar Qasımov, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının dosenti Nailə Zülfüqarova, EAM-ın Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev, ATU-nun Terapevtik stomatologiya kafedrasının dosenti Şəhla Yusubova və Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dissertantı Bəhruz Məmmədovun adı var.