Bizi izləyin:
Heydər Əliyev
Allergik xəstəliklərin müasir diaqnostikası

Allergik xəstəliklərin müasir diaqnostikası

Həmidə Ağarəhimova: Molekulyar allergodiaqnostika müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır

Allergik xəstəliklərin diaqnostikası və müalicəsində son illər mühüm yeniliklər baş verib. Bu məsələlərlə bağlı əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, Allergologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanın rəhbərliyi altında fəaliyyət göstərən kafedranın assistenti və doktorantı Həmidə Ağarəhimova ətraflı məlumat verib.

Mütəxəssis bildirib ki, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklərin diaqnostikası molekulyar səviyyədə aparılır. Bu zaman həssaslıq təkcə səbəbkar allergenə deyil, həmçinin allergenin tərkibindəki müxtəlif komponentlərə - yəni zülal (protein) strukturlarına qarşı da müəyyən edilir. Bu yanaşma diaqnozun dəqiqliyini artırır, xəstəliyin proqnozunun daha düzgün qiymətləndirilməsinə və müalicə strategiyasının optimal şəkildə planlaşdırılmasına imkan yaradır.

Onun sözlərinə görə, molekulyar allergodiaqnostika əsasən üç istiqamətdə mühüm rol oynayır: 1) ilk növbədə, həqiqi sensibilizasiya ilə çarpaz reaktivliyin ayırd edilməsinə imkan verir; 2) eyni zamanda, bəzi hallarda qida allergiyaları zamanı baş verə biləcək sistem reaksiyaların öncədən proqnozlaşdırılmasına şərait yaradır; 3) bundan əlavə, allergik xəstəliklərin yeganə etiopatogenetik müalicə üsulu hesab olunan allergen-spesifik immunoterapiya üçün düzgün xəstə seçiminin və uyğun allergen preparatlarının təyin edilməsini təmin edir ki, bu da müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

H.Ağarəhimova qeyd edib ki, hazırda molekulyar allergodiaqnostika üçün həm tək komponentli testlər (məsələn, ImmunoCAP Phadia), həm də çoxkomponentli mikroçip əsaslı platformalar mövcuddur (İSAC mikroçipi, ALEX və s.) və bu müasir texnologiyalar diaqnostikanın dəqiqliyini əhəmiyyətli dərəcədə yüksəldir.

O vurğulayıb ki, allergik xəstəliklərin müasir diaqnostikası çoxpilləli alqoritm əsasında aparılır. Bu alqoritmin ilk mərhələsində xəstənin klinik simptomları qiymətləndirilir, növbəti mərhələdə isə ətraflı anamnez toplanılır. Buraya həm fərdi, həm də ailəvi allerqoloji anamnez daxildir. Çünki allergik xəstəliklər irsi meyilliliklə əlaqəli xəstəliklər qrupuna aiddir.

Mütəxəssis əlavə edib ki, üçüncü mərhələdə spesifik allerqoloji testlər icra olunur. Bu testlər in vivo və in vitro üsullarını əhatə edir. İn vivo testlərə dəri prik, intradermal və aplikasion (patch) testlər daxildir və xəstəliyin xarakterindən asılı olaraq, bu testlər remissiya dövründə aparılır. Bu yanaşma səbəbkar allergenin daha dəqiq müəyyən edilməsinə imkan verir.

H.Ağarəhimova bildirib ki, səbəbkar allergenin təyini düzgün müalicə taktikasının seçilməsi baxımından olduqca vacibdir. Allergen-spesifik immunoterapiyanın tətbiqi nəticəsində uzunmüddətli remissiya əldə olunur və xəstəliyin gedişində əhəmiyyətli yüngülləşmə müşahidə edilir.

Sonda qeyd olunub ki, molekulyar allergodiaqnostika bu çoxpilləli alqoritmin ən müasir mərhələsi hesab olunur. Sevindirici haldır ki, hazırda Azərbaycanda da bu imkanlar mövcuddur və allergik xəstəliklərin diaqnostikası molekulyar səviyyədə uğurla həyata keçirilir.

Paylaş

Dostlarınız ilə paylaşın.