
Professor Aytən Məmmədzadə: Əsas səbəblər sırasında ilk yerdə şəkərli diabet və yüksək arterial təzyiq dayanır
Ümumdünya Böyrək Günü 2006-cı ildən etibarən hər il mart ayının ikinci cümə axşamı qeyd olunur. Bu il həmin tarix martın 12-nə təsadüf edir. Əsas məqsəd böyrək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və sağlam həyat tərzi barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Bu haqda Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının professoru, Tədris Terapevtik Klinikanın Nefrologiya şöbəsinin müdiri Aytən Məmmədzadədən açıqlama aldıq.
Professor bildirdi ki, Ümumdünya Böyrək Günü uzun illərdir qeyd olunur və hər il mart ayının ortalarında həm dünyada, həm də Azərbaycanda elmi-praktik konfranslarla keçirilir. Bu ənənəyə uyğun olaraq nefroloqlar və uroloqlar bir araya gələrək böyrək xəstəlikləri sahəsində yenilikləri müzakirə edirlər.
Bu il tədbirin Mərkəzi Urologiya Klinikasında keçirilməsi planlaşdırılır. Konfransda böyrək xəstəliklərinin diaqnostikası və müalicəsində son nailiyyətlər təqdim olunacaq. Bundan əlavə, aprel ayında böyrək sağlamlığına həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Transplantasiya, xroniki böyrək xəstəlikləri və digər aktual mövzular üzrə bir neçə konfransın keçirilməsi planlaşdırılır.
Professor vurğuladı ki, son illərdə böyrək xəstəliklərinin sayı həm dünyada, həm də Azərbaycanda artıb. Əsas səbəblər sırasında ilk yerdə şəkərli diabet və yüksək arterial təzyiq dayanır. Həmçinin irsi xəstəliklər, qohum nikahları, ağır respirator infeksiyalar və COVID-19 sonrası fəsadlar böyrək funksiyasına mənfi təsir göstərir: “Böyrək xəstəliklərinin çoxu ilkin mərhələdə simptomsuz keçir. Buna görə də heç bir şikayəti olmayan şəxslər də vaxtaşırı sidik analizi və digər laborator müayinələrdən keçməlidirlər. Erkən aşkarlanan xəstəliklərin müalicəsi daha effektiv olur və ağırlaşmaların qarşısını almaq mümkündür”.
Mütəxəssis onu da qeyd etdi ki, son mərhələ böyrək çatışmazlığının ən çox rast gəlinən səbəbi şəkərli diabetdir. Dünyada olduğu kimi, Azərbaycanda da diabetik böyrək zədələnməsi birinci yerdədir. İkinci yeri isə arterial hipertenziya tutur. Daha sonra böyrəyin spesifik və irsi xəstəlikləri gəlir.
Şöbə müdiri böyrəklərin qorunması üçün tövsiyələrini də verdi. Bildirdi ki, sağlam qalmaq üçün gündəlik kifayət qədər su içmək, duz istifadəsini azaltmaq, balanslı qidalanmaq, aktiv həyat tərzi sürmək, artıq çəkidən uzaq olmaq və şəkərli diabet ilə yüksək təzyiqi nəzarətdə saxlamaq lazımdır: “Pasiyentlərdən tez-tez soruşduğumuz su miqdarı çox vaxt yetərli olmur. Su böyrək sağlamlığı üçün həyati vacibdir. Sadə profilaktik tədbirlər ağır mərhələli böyrək xəstəliklərinin qarşısını ala bilər. Əks halda, dializ və ya transplantasiya qaçılmaz olur”.
A.Məmmədzadə, həmçinin xroniki böyrək xəstəliyinin beş mərhələdən ibarət olduğunu xatırlatdı. Sonuncu, beşinci mərhələdə böyrəklərin funksiyası 10-15% səviyyəsinə düşdükdə, xəstələrə hemodializ və ya digər böyrəkəvəzləyici terapiya tətbiq olunur.
Professor sonda qeyd etdi ki, böyrəkləri qorumaq bütün orqanizmin normal fəaliyyət göstərməsi üçün çox vacibdir: “Hər kəs həyat tərzini sadaladığım prinsiplərə uyğun qursa, böyrək xəstəliklərinin qarşısını almaq və ciddi ağırlaşmaları azaltmaq mümkündür”.