
Hər il 2 aprel tarixi Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Autizm spektr pozuntusu (ASP) müasir dövrdə uşaq nevrologiyası və psixiatriyasının ən aktual problemlərindən biri hesab edilir. Son illərdə aparılan tədqiqatlar bu pozuntunun yayılma tezliyinin artdığını göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il üzrə məlumatına görə, autizm hər 100 uşaqdan 1-də müşahidə olunur. Bu artım qismən diaqnostika metodlarının təkmilləşməsi və erkən aşkaretmə imkanlarının genişlənməsi ilə bağlı olsa da, etioloji faktorların mürəkkəbliyi mövzunun aktuallığını daha da artırır.
Autizm spektr pozuntusu, əsasən sosial ünsiyyət və qarşılıqlı əlaqədə çətinliklər, həmçinin təkrarlayıcı davranışlar və məhdud maraq dairəsi ilə xarakterizə olunur. Xəstəliyin əlamətləri hər bir fərddə fərqli şəkildə özünü göstərə bildiyi üçün diaqnostika və müalicə yanaşmaları fərdi qaydada seçilməlidir. Nevroloji baxımdan ASP, beyin inkişafının erkən mərhələlərində baş verən neyrobioloji dəyişikliklərlə əlaqələndirilir.
Araşdırmalar autizmli uşaqlarda beyin strukturu və funksiyasında müəyyən fərqliliklərin olduğunu, xüsusilə frontal və temporal paylarda, həmçinin limbik sistemdə struktur və əlaqə dəyişikliklərinin qeyd edildiyini göstərir. Sinaptik plastiklik, neyron şəbəkələrinin təşkili və neyrotransmitter sistemlərində (xüsusilə glutamat və GABA balansında) yaranan disfunksiya bu pozuntunun patogenezində mühüm rol oynayır.
Genetik faktorlar autizmin inkişafında əsas komponentlərdən biridir və müxtəlif gen mutasiyaları, həmçinin xromosom anomaliyaları ilə əlaqələndirilir. Bununla yanaşı, prenatal və perinatal dövrdə təsir edən ətraf mühit faktorları da risk amilləri kimi nəzərdən keçirilir. Nevroloji aspektlər çərçivəsində autizm tez-tez epilepsiya, diqqət defisiti və hiperaktivlik sindromu, intellektual gerilik və sensor inteqrasiya problemləri ilə komorbid şəkildə müşahidə olunur. Bu isə müalicədə multidissiplinar yanaşmanın vacibliyini ön plana çıxarır.
Erkən diaqnostika və müdaxilə autizmin idarə olunmasında əsas rol oynayır. Davranış terapiyaları, nitq və peşə terapiyası, həmçinin ailə dəstəyi proqramları uşağın sosial adaptasiyasını və funksional bacarıqlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Nəticə etibarilə, ASP kompleks nevroloji bir vəziyyətdir və bu mövzu erkən aşkarlanmanın, fərdiləşdirilmiş müalicə və multidissiplinar yanaşmaların nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Samirə İsmayılova,
Nevrologiya kafedrasının assistenti