.jpeg)
Polşanın Kardinal Stefan Vişinski Universitetinin Tibb Fakültəsinin Oftalmologiya kafedrasının əməkdaşları akademik təcrübə mübadiləsi çərçivəsində Azərbaycan Tibb Universitetində olublar. Kafedra müdiri, professor Agnieszka Kaminska, dr. Stanislav Han və dr. Tabeusz Osipovicz ATU-nun Oftalmologiya kafedrasını ziyarət edərək tədris prosesini, eləcə də əməkdaşların klinik fəaliyyətini yaxından izləyiblər.
Qonaqların iştirakı ilə oftalmologiya sahəsinin mövcud vəziyyəti, əhalinin göz sağlamlığı ilə bağlı aktual problemlərə həsr edilmiş konfrans keçirilib. ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev çıxışında qlobal və regional səviyyədə görmə qüsurlarının artmaqda olan dinamikasına xüsusi diqqət yetirib. O qeyd edib ki, demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və həyat tərzi faktorları nəticəsində katarakta, qlaukoma və yaşa bağlı makulyar degenerasiya kimi xəstəliklərin yayılma tezliyi ilbəil artır və bu, səhiyyə sistemləri qarşısında ciddi çağırışlar yaradır. Paşa Musayev bu kontekstdə Polşa ilə Azərbaycan arasında elmi və klinik əməkdaşlığın genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, müasir tibbi bilik və texnologiyaların qarşılıqlı paylaşımı, qabaqcıl təcrübənin tətbiqi, birgə elmi tədqiqatların aparılması və profilaktik tədbirlərin koordinasiyalı şəkildə həyata keçirilməsinin həm xəstəliklərin erkən aşkarlanmasına, həm də effektiv müalicə strategiyalarının formalaşdırılmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Daha sonra professor Agnieszka Kaminskanın “Polşa təcrübəsində oftalmologiya: tibb və ictimai səhiyyə arasında” mövzusunda məruzəsi dinlənilib. Professor qeyd edib ki, dünya üzrə təxminən 2,2 milyard insan müxtəlif dərəcəli görmə pozğunluğu və ya korluqdan əziyyət çəkir və bu halların 1 milyarddan çoxu qarşısı alına bilən və ya müalicə oluna bilən səbəblərlə bağlıdır. Onun sözlərinə görə, görmə itkisinin əsas səbəbləri sırasında katarakta, qlaukoma, refraksiya qüsurları və yaşa bağlı makulyar degenerasiya xüsusi yer tutur. Avropada isə təxminən 90 milyon insan görmə problemləri ilə üzləşir ki, onların 1,3 milyonu tam korluq səviyyəsindədir.
Polşada 1,5–2 milyon insanın ciddi görmə pozğunluğu ilə yaşadığını bildirən professor, ölkədə hər il təxminən 200 min katarakta əməliyyatının həyata keçirildiyini və 2019-cu ildən etibarən bu əməliyyatların dövlət fondu tərəfindən limitsiz maliyyələşdirildiyini diqqətə çatdırıb. O, eyni zamanda kadr çatışmazlığı probleminə də toxunaraq, ölkədə təxminən 4–5 min oftalmoloqun fəaliyyət göstərdiyini qeyd edib.
Professor Agnieszka Kaminska qlaukoma və yaşa bağlı makulyar degenerasiya kimi xəstəliklərin erkən mərhələdə simptomsuz keçdiyini, bu səbəbdən xəstələrin çox vaxt həkimə gec müraciət etdiklərini vurğulayıb. O bildirib ki, “Mazoviyalılar üçün yaxşı görmə” proqramı Polşada profilaktik oftalmologiyanın uğurlu nümunələrindən biridir: “Proqram çərçivəsində 1812 nəfər ödənişsiz müayinədən keçib və nəticədə iştirakçıların 4,6%-də yeni YMD, 2,1%-də qlaukoma, 1,2%-də isə diabetik retinopatiya halları aşkarlanıb. Sorğuda iştirak edənlərin 83,5%-i isə uzun gözləmə müddətini oftalmoloji xidmətlərə çıxışda əsas maneə kimi göstərib”.
Erkən diaqnostika və vaxtında müalicənin görmə qabiliyyətinin qorunması və həyat keyfiyyətinin yüksəldilməsi baxımından həlledici rol oynadığını bildirən professor qeyd edib ki, bu yanaşma eyni zamanda səhiyyə sisteminin yükünü azaldır və yaşlı əhalinin daha müstəqil həyat sürməsinə imkan yaradır.
Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və geniş fikir mübadiləsi ilə davam edib.
Tədbir çərçivəsində oftalmologiya sahəsində akademik mübadilənin genişləndirilməsi, birgə elmi-tədqiqatların aparılması, göz xəstəliklərinin epidemiologiyası və skrininq proqramları üzrə ortaq layihələrin həyata keçirilməsi, katarakta və torlu qişa cərrahiyyəsi sahəsində əməkdaşlıq, həmçinin müasir diaqnostika üsullarının, o cümlədən OCT texnologiyasının tətbiqi istiqamətində təcrübə paylaşımının vacibliyi xüsusi vurğulanıb. Bununla yanaşı, Polşa təcrübəsinə əsaslanan skrininq proqramlarının Azərbaycanda tətbiqi və erkən aşkarlama mexanizmlərinin təkmilləşdirilməsi zəruri hesab olunub.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.