
Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Xidmətinin təşəbbüsü ilə universitetdə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Tibb Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru, i.ü.f.d.e.d. İlqar Mehrabov tədbirin əhəmiyyəti haqda ətraflı məlumat verib.
Dövlət Yanğın Nəzarət Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev də tədbirin mahiyyətindən söz açıb və qeyd edib ki, məqsəd tələbə, müəllim və işçi heyətə yangın təhlükəsizliyi qaydalarının öyrədilməsi, təxliyyə tədbirləri, yanğın zamanı davranış qaydaları vərdişlərinin aşılanmasıdır. Səhiyyə obyektlərində baş vermiş yanğınla bağlı geniş məlumat verən rəis müavini yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliyinin artılırması məqsədilə aidiyyatı qurumların koordinasiyalı fəaliyyətinin vacibliyini, eyni zamanda bu cür tədbirlərin keçirilməsini əhəmiyyətini vurğulayıb.
Tədbirdə müxtəlif təyinatlı binalarda, o cümlədən 09.01.2024-cü il tarixdə Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı qısaca məlumat verərək təhlil aparılıb və video-rolik göstərilib.
Tədbirin praktiki hissəsində universitetin həyətində ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Uğurla keçən tədbirdən sonra əldə edilmiş nəticələr müzakirə olunaraq müvafiq tapşırıqlar verilib və ATU-nun yanğın təhlükəsizliyinə cavabdeh olan əməkdaşlarına maarifləndirici materiallar təqdim edilib.