
Azərbaycan Tibb Universitetində (ATU) 5 May - Ümumdünya Əl Gigiyenası Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Universitetin İctimai Səhiyyə Fakültəsinin Epidemiologiya və biostatistika kafedrasında təşkil olunan tədbir əl gigiyenasının vacibliyini bir daha diqqətə çatdırmaq və düzgün əl təmizliyi vərdişlərini təşviq etmək məqsədi daşıyıb. Belə ki, 2008-ci ildən etibarən BMT-nin Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdiyi qərara əsasən, hər il “Dünya təmiz əllər günü” (“Global Handwashing Day”) qeyd edilir.
Tədbirdə çıxış edən Epidemiologiya və biostatistika kafedrasının müdiri, əməkdar elmi xadimi, professor İbadulla Ağayev əl gigiyenasının infeksion xəstəliklərin profilaktikasında mühüm rolunu vurğulayıb.
Təqdimatla çıxış edən kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Rəşidov əl gigiyenasının müasir tələbləri, səhiyyə müəssisələrində tətbiqi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, tibbi personal əl gigiyenası üzrə beynəlxalq protokollara (məsələn, WHO-nun “Beş Əsas An” konsepsiyasına) uyğun təlimatlandırılmalı və nəzarət altında saxlanmalıdır. Həmçinin əl gigiyenasına riayət olunmaması bir sıra yoluxucu xəstəliklərin – COVID-19, qrip, rotavirus, enterovirus və bağırsaq infeksiyalarının yayılmasına səbəb ola bilər. Vurğulanıb ki, əl gigiyenası yalnız fərdi qorunma tədbiri deyil, həm də ictimai sağlamlığın qorunması baxımından strateji əhəmiyyətə malikdir. Səhiyyə işçiləri və cəmiyyətin bütün üzvləri gigiyenik davranışları gündəlik həyatın ayrılmaz tərkib hissəsinə çevirməlidir.
Daha sonra tədbir çərçivəsində dəvət olunmuş ”Facet” MM şirkət nümayəndələri tərəfindən əl gigiyenasının düzgün aparılması üsulları praktiki nümayiş etdirilib, həmçinin bu sahədə istifadə olunan vasitə və məhsullar iştirakçılara təqdim olunub.