Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və həmin kafedranın dosenti Şəhla Məlikovanın “Seizure control, delivery, and neonatal outcomes according to parity in women with epilepsy: A prospective cohort study” adlı məqaləsi növbəti dəfə yüksək impakt faktorlu, PubMed, Web of Science, Scopus, Embase və digər beynəlxalq elmi məlumat bazalarında indekslənən Q2 kateqoriyalı jurnalda dərc edilib. Bu dəfə əməkdaşların elmi nəticələri nevrologiya sahəsində dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan və epileptologiya üzrə ilk 4 əsas jurnaldan biri hesab edilən “Epilepsy Research” jurnalında dərc olunub.
Məqalədə müəlliflər epilepsiyalı hamilə qadınlarda doğuş və neonatal nəticələrə təsir edən amilləri araşdırmış, xüsusilə ilk dəfə olaraq elmi ədəbiyyatda indiyədək kifayət qədər öyrənilməmiş doğuş sayının (paritenin) hamiləliyin gedişinə, tutmaların nəzarətinə və perinatal nəticələrə təsirini əsaslı şəkildə təhlil edərək, nəticələri müqayisəli şəkildə qiymətləndiriblər.
Qeyd edək ki, professor A. Məmmədbəylinin və dosent Ş. Məlikovanın tədqiqat nəticələri son illər ərzində PubMed, Web of Science, Scopus və digər bazalarda indeksləşən yüksək impakt faktorlu Q1 və Q2 kateqoriyalı nüfuzlu jurnallarda (Epilepsia, European Journal of Neurology, Acta Neurologica Belgica, Child’s Nervous System, Seizure: European Journal of Epilepsy, Revue Neurologique və s.) dərc olunub. Bundan əlavə, müəlliflər artıq üçüncü dəfə olaraq nevrologiya üzrə dünyanın ən nüfuzlu jurnallarından biri olan “Seizure: European Journal of Epilepsy” jurnalında məqalə dərc etdirərək mühüm elmi uğura imza atıblar.
Alimlərin digər mühüm nailiyyəti isə onların tədqiqatlarına nevrologiya sahəsində dünyanın aparıcı mütəxəssisləri tərəfindən geniş istinad olunmasıdır. Belə ki, həmin məqalələrə Epilepsia, Jama Neurology, Epilepsy & Behavior, Seizure: European Journal of Epilepsy və bir çox digər nüfuzlu Q1 və Q2 kateqoriyalı jurnallarda çoxsaylı istinadlar edilib və ümumi sitat sayı 122-yə çatıb.


