Bizi izləyin:
Heydər Əliyev
Müasir hərbi təbabətdə elmi perspektivlər və təcili yardımın  mühüm aspektləri müzakirə edilib

Müasir hərbi təbabətdə elmi perspektivlər və təcili yardımın  mühüm aspektləri müzakirə edilib

     Azərbaycan Tibb Universiteti (ATU) Hərbi Tibb Fakültəsi və Azərbaycan Tibb Universitetinin Təcili Tibb kafedrasının təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar Hospitalında “Müasir hərbi təbabətdə elmi perspektivlər və təcili yardım” mövzusunda elmi-praktiki seminar keçirilib.

    Seminar hərbi təbabət sahəsində müasir elmi yanaşmaların, aktual tədqiqat istiqamətləri və təxirəsalınmaz tibbi yardımın mühüm aspektlərinin müzakirəsi, eyni zamanda gələcək hərbi tibb mütəxəssislərinin nəzəri, praktiki hazırlığının gücləndirilməsi məqsədilə təşkil edilib.

   Seminarda çıxış edən DİN Daxili Qoşunlar Hospitalının komandiri, tibb xidməti polkovniki Şəmsəddin Heydərov bu cür elmi-praktiki seminarların hərbi səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcəyini bildirib, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tədris şöbəsi rəisinin elmi işlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov “Hərbi təbabətin elmi perspektivləri” mövzusunda çıxış edib. Məruzədə hərbi təbabətin ixtisasının əsas tədqiqat istiqamətləri — hərbi epidemiologiya, hərbi gigiyena, hərbi cərrahiyyə, hərbi terapiya, tibb xidmətinin təşkili və taktikası kimi mühüm sahələr barədə geniş məlumat verilib, hərbi təbabətdə müasir elmi tədqiqat istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

   “Hospitaldaxili kardiak arest: hərbi praktikada və klinik perspektivlər” mövzusunda təqdimatla çıxış edən ATU-nun Təcili Tibb kafedrasının assistenti, Təcili Tibb uzmanı Tural Alıyev hospitaldaxili kardiak arestin erkən tanınması, triaj sisteminin təşkili, kritik vəziyyətlərdə düzgün qərarvermə, ilkin müdaxilə prinsipləri və multidissiplinar komanda işinin əhəmiyyətini praktik nümunələr əsasında izah edib. Eyni zamanda Təcili Tibb ixtisasının ölkədə formalaşma mərhələləri, müasir səhiyyə sistemində rolu, gələcək inkişaf perspektivləri və hərbi səhiyyə sisteminə inteqrasiyasının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

   DİN Daxili Qoşunlar Hospital komandirinin tibb işləri üzrə müavini, tibb xidməti mayoru Svetlana Bəşirova ATU ilə əməkdaşlıq çərçivəsində müxtəlif elmi-praktiki seminarlar, təlim proqramları və güc strukturlarında təcili tibbi yardım istiqamətində maarifləndirici layihələrin həyata keçirilməsinin planlaşdırılmasından söz açıb.

   ATU Hərbi Tibb Fakültəsinin kursantları, tələbələri və hospital əməkdaşlarının iştirak etdiyi seminarda “AlturaMedix Academy” – Academy of Emergency & Critical Care” (AECC)-nin rəhbəri  Tural Alıyev də təqdimatla çıxış edib.

   Aktiv müzakirələrdən sonra iştirakçılara “AlturaMedix Academy” tərəfindən sertifikatlar təqdim olunub.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.